Məhkəmə qərarları › İş №3(014)-110/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-110/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-110/2024 01.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs Ağdaş şəhəri, X4 küçəsi 28 ünvanında yerləşən aptekdə 27 fevral 2024-cü il tarixdə saat 14:05-də aparılan yoxlama zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərinin pozulduğu faktı aşkar edilmişdir. Buna görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1nin müfəttişi X2 tərəfindən Şəxs MMC barəsində 27 fevral 2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsinə əsasən “həmin Məcəllənin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsin “Parəkəndə satış və əczaçılıq müəssisələrinin plandankənar (növbədənkənar) yoxlama aktı formasından görünür ki, 27 fevral 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə yoxlama aparılan zaman 19 aprel 2023-cü il tarixdə aparılmış plan üzrə yoxlama 08 may 2023-cü il tarixli 552 nömrəli yoxlama materiallarına baxılmasının nəticələri üzrə Qərardan qeyd olunanlar aşkar edilmişdir. Qanun pozuntusu aradan qaldırılmışdır. Aptekdə əczaçılıq təhsilə malik işçi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə tərtib olunmuş protokoldan 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh olunmuş şəxs tərəfindən Qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrara törədildiyinə görə İXM-nin 452.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 Publik Hüquqi şəxsin 21 fevral 2024-cü il tarixli, 3-28-1/3-2-204/2024 saylı qərarının surətindən görünür ki, Ağdaş şəhəri, X4 küçəsi 28 ünvanında yerləşən əczaçılıq təşkilatının yoxlanılması məqsədilə, 27-29 fevral 2024-cü il tarix(lər)də X2, AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin mütəxəssisi tərəfindən həmin müəssisədə yoxlama suallarının siyahısının 3 və 5-ci sualları üzrə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İşin materiallarında olan “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə 08 may 2023*-cü il tarixli, 552 nömrəli qərarın surətindən görünür ki, Ağdaş şəhəri, X4 küçəsi 28 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyət göstərdiyi təsərrüfat obyektində 19 aprel 2023-cü il tarixində aparılmış plan üzrə (növbəti) yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın (bundan sonra – Qaydalar) 12.3-cü bəndinə uyğun olaraq sertifakasiyadan keçmiş (ali və orta ixtisas tibbi təhsil müəssisələrini bitirmiş şəxslərin qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən 5 (beş) il müddətinə sertifakasiyadan keçməsi tələb olunmu) əczaçılıq ixtisasına malik şəxs(lər) ilə əmək müqaviləsi bağlanılaraq onlar tərəfindən dərman vasitələrinin satışının həyata keçirilməsinin təmin edilməsi, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən praktiki əczaçılıq fəaliyyəti ilə məşğul olan əczaçılıq ixtisasına malik şəxslərin sertifakasiyadan keçirilməsinin təmin olunması, qeyd olunan pozuntular 90 (doxsan) gün ərzində aradan qaldırılaraq Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsinə rəsmi məlumatın verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində təqsirləndirildiyi maddənin sanksiyanda nəzərdə tutulmuş minimum həddə cərimə inzibati tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar