Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-111/2023 22.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsində Zərərçəkmiş şəxs məxsus “Kia” markalı avtomobilindən 1 (bir) ədəd “Redmi 9 A” markalı telefonu oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 23 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun yanacaq doldurma məntəqəsində daimi iş yeri var. Kifayət qədər qazancı var və istədiyi telefonu ala bilər. Zərərçəkmiş şəxs birinci dəfədir görür. O, telefon və ya başqa əşya oğurlamamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus “Kia” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Ağdaş şəhəri “dördyol” deyilən yerdə dayanmış, həmin zaman üzdən tanıdığı Araz adlı şəxs ona yaxınlaşaraq onu Gəncə şəhərinə aparmasını xahiş etmişdir. Gəncə şəhərindən ailəsini gətirməli olduğunu, yol haqqı kimi ona 40 manat pul verəcəyini söyləmişdir. Yolda gedərkən Araza yanacaq almaq üçün pul verməsini söyləmiş, Araz da həmin vaxt ona 20 manat pul vermiş və qalan pulu Gəncə şəhərində yoldaşından alıb verəcəyini söyləmişdir. 20 manatı Arazdan götürüb 10 manatına yanacaq almış, sonra Araz ona 10 manatı geri qaytarmasını, Gəncə şəhərində yoldaşından 30 manat alıb ona verəcəyini söyləmişdir. Ona görə də, 10 manatı Araza qaytarmışdır. Gəncə şəhərinə çatmışlar, Araz orada bir evə daxil olmuş, təxminən 10 dəqiqədən sonra geri qayıtmış və maşına əyləşərək Ağdaşa qayıtmasını söyləmişdir. Araza ailəsinin harada olmasını söyləmiş, Araz da ona ailəsinin evdə olmadığını söyləmişdir. Arazla birlikdə Ağdaşa geri qayıtmış, Ağdaş rayonu Ləki qəsəbəsinə çatanda Araz ona onu yaşadığı evə düşürməsini söyləmişdir. Araz onu başqa bir evə aparmış və həmin ərazi çöllük olmuş və orada 1-2 yaşayış evi olmuşdur. Araz dediyi yerdə saxlamış, havanın artıq qaranlıq olmuş, Arazın cəld maşından düşmüş və onun hansı istiqamətə getməsini görə bilməmişdir. Maşından yerə düşmüş, ətrafa baxmış, lakin Arazı görə bilməmişdir. Arazın yol pulunu verməmək üçün qaçıb gizləndiyini başa düşmüş, qayıdıb avtomobilə əyləşəndə mobil telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra Ağdaş RPŞ-yə gəlib telefonunun itməsi barədə ərizə ilə müraciət etmişdir. Bu barədə arvadı Könülə deyəndə Könül də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmçinin Araz ona məxsus mobil telefonu götürdüyünü görməmiş, lakin Araz çıxıb gedəndən sonra telefonunu tapa bilmədiyinə görə telefonun Araz tərəfindən oğurlanmasını güman etmişdir. Bundan əlavə də, yol boyu gedərkən onun telefonuna zəng gəlməmiş, qulağının zəif eşitməsinə görə telefonun səsini eşitməmişdir. Araz da telefona zəng gələn vaxt ona bu barədə məlumat vermiş və ona telefonu cibindən çıxarıb açıq yerə qoymasını, zəng gələndə görə bilməsini söyləmişdir. Bundan sonra mobil telefonunu cibindən çıxarıb sürət ötürücüsünün yanına qoymuşdur. Araz da maşından düşüb gedəndən sonra telefonu həmin yerdə tapmamış, ona görə də, telefonu Arazın oğurlamasını düşünmüşdür. Oğurlanmış telefonu 1 ay əvvəl kreditlə 264 manata almış, telefon “Redmi 9A 1+’’ markalı olmuşdur. Hazırda Şəxs ilə barışmamışdır. Ona ciddi tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs həyat yoldaşı Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək, ərinə məxsus “Kia” markalı avtomobilindən 1 (bir) ədəd “Redmi 9 A” markalı telefonunun Araz adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Sonra Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsində Zərərçəkmiş şəxs məxsus “Kia” markalı avtomobilindən 1 (bir) ədəd “Redmi 9 A” markalı telefonu oğurlaması faktı aşkar olunmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər 3 dəfə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, 4 dəfə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, 3 dəfə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmiş və barəsində 1 dəfə ittihamedici hökm çıxarılmışdır. Eyni zamanda, onun barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında aliment və cərimə öhdəlikləri vardır. Həmin öhdəliklərinə laqeyd yanaşdığı üçün barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunlar Şəxs vəziyyətini ağırlaşdıran hallar olmasa da, onu mənfi səciyyələndirən hallardır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də inzibati həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-111/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-111/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver