Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-119/2025 01.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayonu Yol Patrul Xidməti inspektoru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1976-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Yol Patrul Xidməti inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə 28 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 28 fevral 2025-ci il tarixdə saat 11:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində “Mersedes Benz C200 CDİ” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayonu Yol Patrul Xidməti inspektoru X3 izahat verərək bildirdi ki, 28 fevral 2025-ci il tarixdə saat 09:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman, “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxmamasını aşkar etmişlər, bundan sonra avtomobil sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək ona qanun pozuntusu ilə bağlı məlumat verərək vətəndaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacağını bildirmişlər. Həmin zaman avtomobilin sürücüsünün hərəkətləri qeyri nizami olduğu üçün onun narkotik maddənin təsiri altında olmasından şübhə etmişlər və həmin şəxsi Mingəçevir şəhər Narkoloji dispanserə apararaq müayinədən keçirmişlər. Müayinə zamanı həmin şəxsin sidiyində THC marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, 28 fevral 2025-ci il tarixdə səhər saatlarında Heydər Əliyev prospektində hərəkət edərkən Yol Patrul Xidmətinin əməkdaşları ona saxla əmrini vermişlər. O, avtomobili saxlayaraq polis əməkdaşlarına məxsus xidməti avtomobilə yaxınlaşmış, polis əməkdaşı ondan spirtli içki qəbul edibetməməsini soruşmuş, o da içki içmədiyini bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu alkotesterlə müayinə etmişlər və müayinə edildikdə onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. O, avtomobildən enmək istəyən zaman maşının qapılarının bağlı olduğunu görmüş və polis əməkdaşlarından qapını açmalarını tələb etmişdir. Lakin polis əməkdaşları qapını açmayacaqlarını və onu narkotik vasitə qəbul edib-etməməsini müayinə etmək üçün müayinəyə aparacaqlarını bidirmişlər. O, buna etiraz edərək polis əməkdaşları ilə avtomobildə mübahisə etmişdir. Polis əməkdaşları bundan sonra Post Patrul Xidmətinin əməkdaşlarını çağırmışlar. Əfqan Bilalov verilən sualları cavablandıraraq bildirdi ki, o, 23 fevral 2025-ci il tarixdə narkotik vasitə marixuanadan istifadə etmişdir. 28 fevral 2025-ci il tarixdə isə polis əməkdaşları onu saxlamışlar. Onun narkotik vasitədən asılılığı yoxdur, polis əməkdaşları onu saxlayan zaman nə qanında, nə də sidiyində narkotik vasitənin izləri aşkar edilə bilməzdi. O, saxlanmamışdan bir neçə gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, 28 fevral 2025-ci il tarixdə saat 09:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Emin Qasımovla birgə xidmətdə olan zaman, “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxmamasını aşkar etmişlər, bundan sonra avtomobil sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək ona qanun pozuntusu ilə bağlı məlumat vermişlər. Həmin vaxt avtomobilin sürücüsünün hərəkətləri qeyri nizami olduğu üçün onun narkotik maddənin təsiri altında olmasından şübhələnmişlər, həmçinin avtomobildən və sürücü ilə təmasda olarkən narkotik vasitənin qoxusunun gəlməsini hiss etmişlər. Bundan sonra sürücünü narkoloji müayinədən keçməsi üçün Mingəçevir şəhər regionlararası Narkoloji Dispanserə aparmışlar və onun narkotik vasitə marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 fevral 2025-ci il tarixli, 724 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC (marixuana) aşkar edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin 28 fevral 2025-ci il tarixli arayışından görünür ki, Şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat sistemində yoxlanılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 29 mart 2025-ci il tarixli, 469 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ağdaş Rayon Məhkəməsinin 3(014)-113/2025 nörməli, 28 fevral 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. DİN BDYPİ Qİİ Mingəçevir “ASAN xidmət” mərkəzi tərəfindn verilmiş BC212114 seriya nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B kateqoriyalı sürücülük vəsiqəsi var və 20 noyabr 2033-cü il tarixədək etibarlıdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bilalov X2 göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, 28 fevral 2025-ci il tarixli, 724 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair akt, Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 29 mart 2025-ci il tarixli, 469 nömrəli rəyi və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4.-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, yuxarıda qeyd edilən Qanun normalarına istinad etməklə hesab edir ki, iş üzrə toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tövsif olunmalıdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 29 mart 2025-ci il tarixli, 469 nömrəli rəyinə əsasən Şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması üçün qərarın surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X5 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-119/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-119/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver