Məhkəmə qərarları › İş №3(014)-123/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-123/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-123/2021 11.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunun Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində baldızı X4 və onun əri X10 şəhəri, M.Əsədov küçəsində, insanların arasında söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, valideynləri ilə birlikdə yaşayır. Onun arvadı Tutu iki övladını götürüb həkimə getmək bəhanəsi ilə anasının yaşadığı evə getmişdir. Anasının sözünə baxaraq qızlarının Ağdaşda yaşayan Türkiyə vətəndaşının bir otaqlı evinə salmış və hazırda qızları şəraitsiz evdə saxlanılır. O, bir ata kimi buna dözə bilmir. Tutuya telefonda onlara fəhləlik edərək baxdığını, onun qızlarını niyə başqa şəxsin evinə soxmasını demişdir. Bir ər kimi ona belə tərbiyə vermədiyini, Tutunun onu hər kəsin yanında biabır etdiyini demişdir. Gülnarı və onu əri Ahmeti təhqir etdiyi üçün peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Bacısı Tutu övladları ilə birlikdə onların evində yaşayırlar. Bacısının əri Elçin dəfələrlə onlara evə gələrək, həmçinin küçədə və digər ictimai yerlərdə, insanlar arasında nalayiq şəkildə söyərək təhqir etmişdir. Onlar dəfələrlə Elçinə bu əməllərindən əl çəkməsini demişlər. Lakin Elçin onların sözlərinə məhəl qoymamış, onları söymüş və təhqir etmişdir. Bununla bağlı onun barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində baldızı Gülnarı və onun həyat yoldaşı Ahmeti yaşadıqları evin küçəsində, insanların arasında kobud ifadələr işlədərək söyüb təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Arvadının bacısı Tutu da övladları ilə birlikdə onların evində yaşayırlar. Arvadının bacısı Tutunun əri Elçin dəfələrlə onlara evə gələrək, həmçinin küçədə və digər ictimai yerlərdə, insanlar arasında nalayiq şəkildə söyərək təhqir etmiş, onları narahat etmişdir. Bu barədə dəfələrlə Elçinə bu əməllərindən əl çəkməsini demişlər. Lakin Elçin öz əməllərini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin və şahidin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar