Məhkəmə qərarları › İş №3(014)-123/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-123/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-123/2022 10.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Fərəcova Gülnarə Kamal qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin əməkdaşı X14, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 28.04.2021-ci il tarixdən Ağdaş rayonu S.Vurğun adına 1 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3 Vİİ bölməsinə əsasən məktəbin təsərrüfat işlərinə rəhbərlik etmək, təsərrüfat inventarlarının qorunub saxlanılmasını, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasını təmin etmək, kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamaq, məktəb binasında cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin etmək səlahiyyətlərinə malik olduğu halda Zərərçəkmiş şəxs Dəmir oğluna X11 və X12 Ağdaş rayonu S.Vurğun adına 1 saylı tam orta məktəbə qəbul edəcəyi vədini verərək sonuncudan 2021-ci ilin sentyabr ayında əvvəlcə 300 manat, daha sonra 70 manat alaraq Zərərçəkmiş şəxs 370 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Ağdaş rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X6 20 noyabr 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 311.1, 178.2.3, 308.1 və 309.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün cinayət işi başlanması rədd edilmiş, qərarın surəti 18 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün Ağdaş RPŞ-ə göndərilmişdir. Ağdaş RPŞ-nin əməkdaşı X20 tərəfindən 19 fevral 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmiş, Şəxs barəsində 10 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inziabti xəta haqqında protokol tərtib ediərək həmin tarixdə material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, S.Vurğun adına 1 saylı tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində çalışır. Zərərçəkmiş şəxsla ədavət və düşmənçiliyi olmamışdır. Hazırda xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs S.Vurğun adına məktəbin inzibati binasına gələrək Bakıda yaşayan dostunun övladlarını S.Vurğun adına 1 saylı tam orta məktəbə qəbul etdirmək istədiyini söyləmişdir. Zərərçəkmiş şəxs onu məktəbin dəhlizində heç kimin olmadığı yerə çəkmiş və ona nə qədər lazımdısa “şirinlik” verəcəyini söyləmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun stoluna pul qoymuş və ondan saymağını tələb etmişdir. O, pulu saymışdır, lakin hazırda məbləği xatırlamır. Daha sonra Təbriz otaqdan çıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yenidən onun yanına gələrək 70 manat pul vermişdir. 70 manatı verən zaman da həmin pulun “şirinlik” olduğunu söyləmişdir. O, Zərərçəkmiş şəxs hərəkətlərindən şübhələnmiş və əsəbləşib onu ərazidən qovmuşdur. Daha sonra Leyla Cəlilovanı yanına çağırmış və Təbrizin ona “şirinlik” olaraq verdiyi 370 manatı verərək və aparıb Təbrizə verməyini söyləmişdir. Leyla Cəlilova ondan pulu almış və həmin pulu aparıb Zərərçəkmiş şəxs vermişdir. Ağdaş rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X6 20 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, 18 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon sakini Zərərçəkmiş şəxs Ağdaş rayon prokurorluğuna ərizə ilə müraciət edərək Ağdaş şəhərində yerləşən S.Vurğun adına tam orta məktəbin direktor müavini Şəxs ondan rüşvət aldıqlarını bildirmiş, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.Daxil olmuş müraciət əsasında rayon prokurorluğunda 195C-21 saylı material üzrə araşdırma aparılmışdır.Araşdırma zamanı təqdim edilmiş CD baxış zamanı müəyyən edilmişdir ki, CD diskin içərisində 2 ədəd videogörüntü vardır. İ videogörüntü 5 dəqiqə 47 saniyə videogörüntü vardır. Videogörüntüdə Zərərçəkmiş şəxs avtomobildən düşərək S.Vurğun adına məktəbin inzibati binasına doğru hərəkət edir. Videogörüntünün 1 dəqiqə 29-cu saniyəsində Zərərçəkmiş şəxs adının Yeganə olduğunu bildirdiyi şəxsə 300 manat pul verir. Yeganə adlı şəxs Zərərçəkmiş şəxs pulu alır və saymağa başlayır. Videogörüntüdə müüşahidə olunan pul əskinaslarından 01 ədədi 100-lük, digərləri isə 20-lik əskinaslardan ibarətdir. Zərərçəkmiş şəxs ümumi məbləğin 300 manat olduğunu bildirir. Daha sonra Zərərçəkmiş şəxs məktəbi tərk edir.İİ videogörüntüdə 2 dəqiqə 10 saniyə videogörüntü vardır. Videogörüntüdə Zərərçəkmiş şəxs Yeganə adlı şəxsə 80 manat pul verir və ondan 10 manat pulu geri tələb edir. Yeganə adlı şəxs cibindən pulu çıxarır və Təbrizə 10 manat pul qaytarır. Bundan sonra Zərərçəkmiş şəxs ərazidən uzaqlaşır. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, “Cinayət və Olay” İctimai Siyasi hüquq qəzetinin baş redaktoru vəzifəsində işləyir. Ağdaş rayonu Qəsil kəndində yaşayan tanışı uşaqlarını Ağdaş şəhərində yerləşən S.Vurğun adına tam orta məktəbə qəbul etdirmək istəmiş, bununla bağlı ona müraciət etmişdir. O, həmin məsələ ilə məşğul olacağını söyləmişdir. Bundan sonra həmin şəxsdən uşaqların sənədlərini yəni, doğum haqqında şəhadətnamələrini götürüb S.Vurğun adına tam orta məktəbə getmişdir. Məktəbin direktor müavini onu qarşılayıb nə üçün gəldiyini soruşmuşdur. O, həmin şəxsə uşaqları məktəbə qəbul edilməsi məqsədilə gəldiyini söyləmişdir. Adının Yeganə olduğunu öyrəndiyi şəxs ona bildirmişdir ki, qəbul müddəti bitib, sən gecikmisən. Lakin “görüm baxım” edəcəyi təqdirdə uşaqları məktəbə qəbul edə biləcəyini söyləmişdir. O, Yeganə adlı şəxslə razılaşmış və dəhlizdə sakit bir yerə keçmişdir. Yeganə ona dəfələrlə təkrar etmişdir ki, “bizim məktəbə qəbul bahalıdır”. O, Yeganədən təkidlə ondan nə qədər pul verməli olduğunu soruşmuş, Yeganə adlı şəxs ona əvvəlcə 300 manat pul verməli olduğunu söyləmişdir. O, Yeganə ilə razılaşmış və uşaqların doğum haqqında şəhadətnaməsini Yeganəyə təqdim etmişdir. Bundan sonra Yeganə əlavə 70 manat pul verəcəyini söyləmişdir. O, Yeganədən əlavə olaraq verməli olduğu 70 manat pulu nə üçün verəcəyini soruşduqda yeganə ona yanında dayanmış qız üçün verəcəyini söyləmişdir. O, üzərində 300 manat pul olduğu üçün Yeganə adlı şəxsə həmin pulu vermişdir. Pulu verən zaman aralarında olan danışıqları videogörüntüyə almışdır. O, 300 manat pulu verdikdən sonra Yeganə uşaqların məktəbə qəbul məsələsinin həll olunduğunu söyləmiş və qalan 70 manat pulu gətirməyi tapşırmışdır. O, məktəbi tərk edib pul gətirməyə getmiş, təxminən 40 dəqiqə sonra 80 manat pulu gətirib Yeganəyə vermiş və ondan 10 manat qalığını tələb etmişdir. Yeganə pulu götürmüş və bir nəfər qıza vermişdir. Yeganə adlı şəxsə ikinci dəfə pul verən zaman hadisələri videogörüntüyə almışdır. Təxminən 3-4 saat sonra o, Yeganə adlı şəxsə verdiyi 370 manat pulu geri almaq istəmişdir. Məktəbə getdikdə həmin adını bilmədiyi xanımla görüşmüş və ondan 370 manat pulu tələb etmişdir. Həmin xanım Yeganə adlı şəxsin yanına gedib-qayıtdıqdan sonra ona 50 manat pul vermiş və Yeganənin 370 manatı “bölüşdürdüyünü” söyləmişdir. O, həmin şəxsdən 50 manat pulunu geri götürmüş və bu barədə rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. O, verdiyi 370 manat pulu geri tələb etməyə gedən zaman Yeganə onu qəbul etməmişdir. Araşdırma zamanı X13 izahatında bildirmişdir ki, S.Vurğun adına 1 saylı tam orta məktəbdə operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanımır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şəxs hazırda yadında qalmayan tarixdə ona otağına çağırıb 2 ədəd şəxsiyyət vəsiqəsi vermiş və həmin şəxsləri sistemə əlavə etməyini söyləmişdir. Məktəbə qəbul olunmaq istəyən şagirdlər 2 nəfər olmasına baxmayaraq şagirdlərdən yalnız birinin şəxsiyyət vəsiqəsi olmuşdur. Digər şəxsiyyət vəsiqəsi şagirdlərin valideynlərinə məxsus olmuşdur. Həmin tarixdə sistemə qəbul bağlı olduğunu üçün o, həmin şagirdlərin şəxsi işlərini sistemə əlavə edə bilməmişdir. Təxminən 1-2 saat sonra Yeganə xanım ona yanına çağırıb pul vermiş və şəxsiyyət vəsiqələrini ilə birlikdə aparıb həmin şəxsə verməyini istəmişdir. O, pulun məbləğini bilməmişdir. Həmin pulu və şəxsiyyət vəsiqələrini Zərərçəkmiş şəxs aparıb vermişdir. Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, S.Vurğun adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanımır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şəxs S.Vurğun adına 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Vəzifə təlimatı binanın və invertarın saxlanılmasından ibarətdir. Şəxs Zərərçəkmiş şəxs Çinarə və Xatirə Yusifovaların məktəbə qəbul edilməsi müqabilində pul almasından xəbəri olmamışdır. Belə ki, Şəxs bu barədə ona heç bir söz deməmişdir. Şəxs şagirdlərin məktəbə qəbul sahəsində heç bir səlahiyyəti olmamışdır. Məktəbə qəbul elektron qaydada valideynin müraciəti əsasında insan faktoru olmadan tam elektronlaşdırılmış qaydada həyata keçirilir. Təhsil nazirinin əmri əsasında şagirdlərin məktəbə qəbulu və yerdəyişməsinin vaxtı müəyyən edilir. Həmin vaxtda valideyn məktəbəqebul.edu.az elektron portalına daxil olaraq kabinet yaradır və övladının təhsil almaq istədiyi məktəbi, sinfi və s. seçir. Yalnız bundan sonra qəbul məsələsi həll oluna bilər. Valideyn həmin elektron portaldan müvəffəqiyyətlə keçdikdən sonra onun elektron ərizəsi çap edilir. Həmin elektron ərizədə valideynin seçdiyi xarici tədris dili, şagirdin oxuyacağı məktəb və sinif göstərilir. Valideyn tərəfindən elektron ərizə imzalandıqdan sonra həmin ərizə məktəbə təqdim olunur və şagirdin qəbulu və ya yerdəyişməsi məsələsi həll edilir. Həmçinin valideyn elektron ərizənin bir nüsxəsini şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim edir. Ağdaş rayon Təhsil Şöbəsindən daxil olmuş 16.11.2021-ci il tarixli, 34(01)-01-368/18 nömrəli məktubdan görünür ki, X1 orta məktəbinin İ sinfində, X2 tam orta məktəbinin İİİ sinfində təhsil alır. Şəxs izahatına əlavə etdiyi sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs 28.04.2021-ci il tarixdən S.Vurğun adına 1 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması Ağdaş rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən Əliyev Zaur Allahverdi oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 noyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir, işə baxılan tarixdə, yəni 10 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanan həmin Məcəllənin 38.1.-ci maddəsi ilə müəyyən edilmiş üç aylıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-də (38.5-ci maddə) müddətin axımının dayandırılması ancaq bir halda, yəni inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi halında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128 və 130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar