Məhkəmə qərarları › İş №3(014)-127/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-127/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-127/2022 11.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovun iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1275/2018 saylı 14 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovun qanuni tələblərini yerinə yetirməmiş, Zərərçəkmiş şəxs olan 1450 (bir min dörd yüz əlli) manat aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində 11 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov məhkəmə iclasında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1275/2018 saylı 14 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.1939-cu il təvəllüdlü Sənhanov Faxrət Fərrux oğlunun saxlanılması üçün hər ay 50 manat olmaqla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin tərəfimizdən İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş bütün tədbirlərin görülməsinə baxmayaraq Şəxs icra vərəqəsində göstərilən məbləği icra sənədi üzrə tələbkara ödəməmiş, nəticədə onun hazırda 1450 (bir min dörd yüz əlli) manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs həmin borcun ödənilməsi tələb edilsə də o, bundan qərəzli şəkildə imtina emişdir. Zərərçəkmiş şəxs isə tezliklə borcun ödənilməsini tələb edir, buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bildiyini, heç yerdə işləmədiyini, heç bir gəlir mənbəyinin olmadığını, maddi vəziyyəti imkan vermədiyi üçün həmin borcunu hazırda ödəyə bilmədiyini, özünün 4 uşaq atası olduğunu, onlardan ikisi azyaşlı olmaqla bir uşağının xəstə olduğunu, lakin bütün bunlara baxmayaraq tələbkara 15 mart 2022-ci il tarixdə 500 manat, qalan borcunu isə hər ayda 150 manat olmaqla ödəyəcəyini öhdəsinə götürdüyünü bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında xəstə olduğunu, tezliklə Bakı şəhərinə əməliyyata getməli olduğunu, buna görə yaranmış borcun tam olaraq ödənilməsini tələb etdiyini, lakin hazırda Şəxs 15 mart 2022-ci il tarixdə 500 manat, qalan borcunu isə hər ayda 150 manat olmaqla ödəyəcəyini öhdəsinə götürdüyünə görə onunla razılaşdığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin rəisi Ş.Məmmədovu dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs 15 mart 2022-ci il tarixdə 500 manat, qalan borcunu isə hər ayda 150 manat olmaqla yaranmış aliment borcunu ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanun qarşısında bərabərlik, təqsirzilik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanını (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1, 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə təqdim edilmiş sübutları araşdırıb hesab edirəm ki, icra məmuru Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-1275/2018 saylı 14 iyun 2018-ci il tarixli icra sənədi üzrə tələbin ödənilməsi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edərək lazımi hərəkətləri etmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs maddi vəziyyəti imkan vermədiyi üçün onun 1450 (bir min dörd yüz əlli) manat aliment borcu ödənilməmiş qalmışdır, borclu Şəxs tələbin ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə razılığa gəlmiş, 15 mart 2022-ci il tarixdə 500 manat, qalan borcunu isə hər ayda 150 manat olmaqla yaranmış 1450 (bir min dörd yüz əlli) manat aliment borcunu ödəməyə söz vermişdir. Borclu barəsində inzibati xəta haqqında protokol o vaxt tərtib edilə bilər ki, o, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar