Məhkəmə qərarları › İş №3(014)-131/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-131/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-131/2023 07.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş şəhəri Koroğlu küçəsi 2 nömrəli evdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində 23 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 07 fevral 2023- cü il tarixdə, saat 17:20 radələrində Ağdaş rayonu Ərəb kəndi ərazisində Yuxarı Şirvan kanalda tordan istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 07 fevral 2023-cü il tarixdə, saat 17:20 radələrində dostu İlqar Məmmədzadə ilə birlikdə Ağdaş rayonu Ərəb kəndi ərazisində Yuxarı Şirvan kanalda su azaldığından tordan istifadə etməklə balıq tutmaq istəmişlər. Bu zaman həmin yerə polis əməkdaşları gəlmiş və onlara torla balıq tutmağın qanunla qadağan olduğunu bildirmişlər. Həmin vaxt polislərə balıq tuta bilmədiyini, lakin tutmaq istədiklərini bildirmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin X2 göndərilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 23 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 fevral 2023- cü il tarixdə, saat 17:20 radələrində Ağdaş rayonu Ərəb kəndi ərazisində Yuxarı Şirvan kanalda tordan istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmayan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə,qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirəm və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 26.2-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilməli, iş üzrə inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd balıq toru müsadirə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1000 (bir min) manat məbləğində inzibati cərimə təyin edilsin. İş üzrə inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş Ağdaş rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd balıq toru müsadirə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar