Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-132/2021 17.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu xx.xx.1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə X2 Xidmətinin Göyçay regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində X2 Xidmətinin Göyçay regional şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 10:25-də Ağdaş-Göycay yolunda Şəxs idarə etdiyi “FORD” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə tələb olunan sənədləri təqdim etməmişdir. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, X2 Xidmətinin Göyçay regional şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № 03149885 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, X2 Xidmətinin Göyçay regional şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № 03149885 saylı inzibati xəta haqqında protokol tərtib edilərkən aşağıdakı nöqsanlara yol verilmişdir.
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Hazırkı inzibati xəta haqqında protokolda isə vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməmişdir.
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Hazırkı inzibati xəta haqqında protokolda isə X1 şahid qismində qeyd olunsa da, onun yaşadığı yerin ünvanı göstərilməmişdir.
3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır.
4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Hazırkı inzibati xəta haqqında protokolu isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuna müvafiq qaydada tərtib edilmədiyindən və natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X2 Xidmətinin Göyçay regional şöbəsinə geri qaytarılsın.
Hakim Nizam Əliyev