Məhkəmə qərarları › İş №3(014)-138/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-138/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-138/2021 29.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1966-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ləki qəsəbəsi, Nizami küçəsi 21 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 10(102)-65/2009 saylı icra sənədinə əsasən xx xxxxxxxx 2007-ci il tarixdən 104030 Belarus Respublikası Milli Bankının rublu, xx xxxxxxx 2007-ci il tarixdən isə 156040 Belarus Respublikası Milli Bankının rublu pulun müştərək qaydada Şəxs və X1 alınıb X6 Evinin xeyrinə verilməsinin qərara alınması barədə Belarus Respublikası Qomel şəhəri Jeleznodorojnıy Rayon Məhəməsinin xx xxxxxx 2007-ci il tarixli qətnaməsi tanınmış və icraya yönəldilmişdir. Borclu Şəxs icra sənədi üzrə məbləği ödəməkdən və dəfələrlə Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağırılsa da, gəlməkdən boyun qaçırmışdır. Lakin borclu öhdəliklərini vaxtında icra etməmiş və hazırda 346 manat aliment borcu yaranmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, ikinci dəfə ailə qurmuş və ailə üzvlərindən heç kim işləmir. Maddi vəziyyəti çox ağır olduğu üçün alimenti uzun müddət ödəyə bilməyib. Lakin hazırda borcunu tamamilə ödəmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli, 26800 saylı və xx xxxx 2021-ci il tarixli, 1410 saylı qəbzlərdən görünür ki, Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin hesabına cəmi 378 manat ödəniş etmişdir. Belə olan halda isə icra sənədinin icra olunmaması barədə müddəalar öz təsdiqini tapmır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar