Məhkəmə qərarları › İş №3(014)-138/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-138/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-138/2022 17.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 17:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 241-ci kilometrində sürücülük hüququ olmadan idarə etdiyi «VAZ-21063» markalı 10HT618 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol-hərəkəti qaydalarını pozaraq qarşı hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TOURNEO CONNECT” markalı 99RY709 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “FORD TOURNEO CONNECT” markalı 99RY709 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı X2 15 fevral 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş və həmin qərar əsasında Vİİİ Taqım YPX inspektoru, polis kiçik serjantı X1 tərəfindən 26 yanvar 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə LXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və 17 mart 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və idarə etdiyi «VAZ-21063» markalı 10HT618 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baş etibarnamə ilə ona məxsus olduğunu, 26 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində evdən çıxıb Bakı- Şamaxı-Yevlax yolu ilə Yevlax istiamətində hərəkət edən zaman qarşı hərəkət zolağına daxil olaraq sola dönməyə cəhd etdiyini, bu zaman idarə etdiyi avtomobilin Bakı şəhəri istiqamətində hərəkətdə olan “FORD TOURNEO CONNECT” 99RY709 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə nəticəsində özünün yüngül xəsarət aldığını, “FORD” markalı avtomobilin isə zədələndiyini, bununla da həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs maddi ziyan dəydiyini, dəymiş ziyan sığorta tərəfindən ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ondan heç bir şikayətinin və tələbinin olmadığını, bu hadisəyə görə əməlindən peşman olduğunu bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsaslanaraq Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat apatrılan şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq Şəxs təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1971-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, T.İsmayılov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib barəsində dörd yüz manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar