Məhkəmə qərarları › İş №3(014)-14/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-14/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-14/2025 08.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1986-cı ildə Ağdaş rayonu, Pirəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan övladı olan, Ağdaş rayonu, Pirəyir kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 dekabr 2024-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yol kənarında istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələr sataraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 23 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X4 bildirdi ki, 23 dekabr 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs Ağdaş rayonu, Ləki qəsəbəsində yol kənarında istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələr satması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək həmin pirotexniki vasitələr götürülərək Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş və X5 təhvil verilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, Bakı şəhərinə gedərkən yol kənarıda tanımadığı bir nəfər şəxsdən satmaq məqsədi ilə protxniki vasitələr almışdır. Onun pirotexniki vasitələrin satışının qadağan edilməsi barədə məlumatı olmamışdır. Ağdaş rayonu, Ləki qəsəbəsində yol kənarında həmin pirotexniki vasitələri satarkən polis əməkdaşları ona yaxınlaşaraq həmin vasitələrin satışının qadağan olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun da iştirakı ilə akt tərtib edib pirotexniki vasitələri götürərək onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin X1 sahə polis nəfəri Məhəmməd Əliyev tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 23 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 23 dekabr 2024-cü il tarixdə saat 11:20 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin işlədiyi mağazada müxtəlif növ satışı qadağan olunmuş pirotexniki vasitələri saxlayaraq satması aşkar edilmişdir. Həmin vaxt həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, pirotexniki vasitələri götürüb həmin şəxsi Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağdaş rayon Polis Şöbəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. 23 dekabr 2024-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Ləki qəsəbəsində satışı qadağan olunmuş 550 (beş yüz əlli) ədəd “PİLİ-CRACFER” markalı pirotexniki vasitələr aşkar edilərək Şəxs götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanunu ilə (9-cu bənd) partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların sırasına aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 23 dekabr 2024-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yol kənarında istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələrin qeyri-qanuni olaraq satışını həyata keçirməsi aşkar edilmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı tərətməsinə dair protokol tərtib edilmiş, Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf etmişdir. Eyni zamanda aşkar olunmuş pirotexniki vasitələr Şəxs iştirakı ilə protokol tərtib olunaraq götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilir, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, iş materiallarına istinad edib əməlindən səmimi peşman olmasını 32.1.1ci maddəsinə, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan övladının olmasını 32.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini və məsuliyyəti yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Ağdaş rayon Polis Şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 550 (beş yüz əlli) ədəd “PİLİ-CRACFER” markalı pirotexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş 550 (beş yüz əlli) ədəd “PİLİ-CRACFER” markalı pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Ağdaş rayon Polis Şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 550 (beş yüz əlli) ədəd “PİLİ-CRACFER” markalı pirotexniki vasitələr müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar