Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-15/2025 10.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 sentyabr 2024-cü il tarixli, EQ 23757496 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 sentyabr 2024-cü il tarixli, EQ 23757496 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 100 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ tərəfindən xx.xx.2024-cü il tarixli, 7E-11061 nömrəli etibarnamə əsasında istifadə etdiyi “Hyundai Accent minik” markalı, **-RV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Babək prospekti “Aysun” Şadlıq sarayı yaxınlığında Azərbaycan Respublikası İXMin 327.1-1. 59, 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərkət etməsinə görə barəsində EQ23757496 saylı elektron protokol tərtib olunmuş, həmin protokola əsasən 100 manat və 2 bal cərimə olunmuşdur. Qeyd olunan cərimə haqqında məlumatlarda foto qeydiyyata baxdıqda görünməsə də, Yol Hərəkəti haqqında qanunda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaq digər zolaqlardan 1.5 qırıq-qırıq nişanlanma xətti ilə ayrılarsa, başqa nəqliyyat vasitələrinin bu zolaqla hərəkəti qadağan edilsə də, ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhalda hərəkətə başlayıb zolağı tərk etmək olar. Yalnız yoldan çıxış və yola giriş yerlərində 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etmək olar. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır. Qeyd olunan ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqdan 1.11 nişanlama xətti ilə ayrılan hissədən sağa dönmə işığını yandıraraq sağa dönəcəyim üçün zolağı dəyişmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ23757496 saylı inzibati tənbeh verilmə haqqında elektron qərarın ləğv edilməsinə dair qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli, EQ 23757496 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X3 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanlardan əlavə məhkəmə qeyd edir ki, S.Nəbiyev məhkəmə iclasında bildirmişdir ki, həmin ərazidə avtobus zolağından sonra sağa dönmək üçün xətlər vardır və o da sağ tərəfə dönmək istəmişdir. İşin materiallarına əlavə edilmiş xəritədən çıxarışdan görünür ki, həqiqətən də həmin ərazidə sağa döngə vardır, lakin fotoşəkillərdə yerdə olan xətt tam görünmədiyi üçün inzibati xətanın olub-olmamasına hüquqi qiymət vermək mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 sentyabr 2024-cü il tarixli, EQ 23757496 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 23 sentyabr 2024-cü il tarixli, EQ 23757496 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-15/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-15/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver