Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-152/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 25.03.2022-ci il tarixli, TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə Ağdaş şəhərində 13 aprel 2022-ci il tarixdə saat 11:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 25.03.2022-ci il tarixli, TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, 25.03.2022ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mersedes Benz E200 markalı **-OT-*** dövlət nömrə nişanlı avtomobilimlə Bakı şəhəri Alı Mustafayev 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olan zaman yolayrıcına daxil olarkən svetoforun yaşıl işığının yandığını görüb yol hərəkəti haqqında qanuna uyğun olaraq hərəkətini davam etdirmiş, bu zaman yolayrıcının sol tərəfindən marka moldeli və dövlət nömrə nişanını xatırlamadığı avtomobilin ona yaxınlaşmaqda olduğunu görmüş, svetoforun onun hərəkəti istiqamətində yaşıl işığının yandığından əmin olduğu üçün digər avtomobilin qırmızı işıqda keçməsini düşünmüş və yaranacaq real təhlükənin qarşısını almaq məqsədilə ona yol verməyə qərar vermişdir. Bu zaman digər avtomobil səs siqnalından istifadə etmiş və yoluna davam etmişdir, onun siqnaldan istifadə etdiyini eşidən və həmin yolayrıcında xidmət aparan X10 əməkdaşı onun idarə etdiyi avtomobili təqib etməyə başlamış, o, qaydalar çərçivəsində uyğun yerdə saxladıqdan sonra o, YPX əməkdaşı ona yaxınlaşaraq bildirmiş ki ,"sən o, gedən avtomobilə yol verməli idin". Bu zaman inspektora bildirmiş ki, yolayrıcına yaşıl işıqda həmçinin, digər nəqliyyat vasitəsindən tez daxil olmuşdu və bu yol nizamlanan yoldur, həmçinin, onun tərəfindən soldan yaxınlaşan avtomobilə mane olmamışdır, əksinə digər avtomobil ona mane olmuşdur. Belə ki həmin yolayrıcında, yəni svetoforun yanında 4.3 (yolayrıcının dairəvi təşkil olduğunu bildirən nişan) qurlaşdırılmışdır. YPX əməkdaşı ona bildirmiş ki, "həmin svetofor piyadalar üçündür". O. etiraz emiş, YPX əməkdaşına bildirmiş ki, piyadalar üçün qurlaşdırılan nişanlar yolların nişanlanması haqqında standartlara görə səkilərdə, piyadalar üçün nəzərdə tutulan ərazilərdə qurlaşdırılır. Bütün iradlarına baxmayaraq inspektor ona İXP ******* saylı qərar tərtib etmiş, o, inzibati xəta ilə razılaşmadığı halda inspektor protokol yazmaq əvəzinə qərar çıxarmışdır ki, bu həm Yol Patrul Xidməti haqqında təlimata həmdəki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə ziddir. Ona görədə hesab edir ki, qanuna zidd şəkildə tərtib olunmuş inzibati qərar ləğv edilməlidir. Məkhəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə məlumat verilmiş, lakin idarənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİnin YPX-nin inspektoru, polis baş serjantı X2 25.03.2022-ci il tarixli, TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat inzibati qaydada cərimə edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X7 barəsində 25.03.2022-ci il tarixli, İXP4529037 saylı inzibati xəta haqqında qərar qəbul edilməzdən əvvəl, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokol tərtib edilmədən 25.03.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X5 tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki, X7 qeyd olunan inzibati xəta ilə razılaşmadığına baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X5 25.03.2022-ci il tarixdə X7 barəsində 25.03.2022-ci il tarixli, TP4921934 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir, nəticədə X3 izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X3 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yuxarıda şərh edilən qanun normalarının tələbindən görünür ki, şəxs o halda inzibati məsuliyyətə cəlb edilib tənbeh edilə bilər ki, qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli törətmiş olsun və bu mötəbət sübutlarla təsdiq edilmiş olsun. Bütün bu qeyd edilən hallar isə inzibati xəta haqqında iş üzrə icraata başlamaqla aparılan inzibati araşdırma nəticəsində mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Müvafiq vəzifəli şəxs hazırkı iş üzrə müvafiq protokol tərtib edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələrini izah edib, protokolu qərar qəbul etmək üçün yuxarı səlahiyyətli orqana göndərməli olduğu halda İXM-nin tələblərinə zidd olaraq şəxs barəsində protokol deyil, inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul etmişdir. Bununla da işə onun iştirakı ilə baxılıb qiymət verilməsi, işin onun iştirakı ilə ararşdırılması hüququndan şikayət verən şəxs məhrum olmuşdur. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X7 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X2 25.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəlişəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 116.2.2-ci maddəsində və ya 116.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, eləcə də hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X5 tərəfindən 25.03.2022-ci ildə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP4921934 saylı qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis baş serjantı X5 tərəfindən 25.03.2022-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP4921934 saylı qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-152/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-152/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver