Məhkəmə qərarları › İş №3(014)-161/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-161/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-161/2024 29.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Şikayət vermiş şəxs X8, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X18 tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsasında X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X12 həmin qərardan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonu, Bəzirxana kəndində qeydiyyatdadır. Kəlbəcər rayonu Ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi köçkün kimi Ağdaş rayonu, Mürsəl kəndində yaşamağa başlamışlar. Həmin kənddə onun mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Ağdaş rayonu, Mürsəl kəndi bələdiyyənin 05 may 2006-cı il tarixli, 05 saylı qərarə ilə ona verilmişdir. O, həmin torpaq sahəsini 20 ilə yaxın bir müddərdir ki, istifadə edir. Belə ki, həmin torpaq sahəsində yerləşən quru söyüd və qovaq ağacları vardır. Həmin ağaclar təhlükə yaratdığından və küləkli havalarda aşmaq ehtimalı yüksək olduğundan kəsmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələri ilə 27 mart 2024cü il tarixli, MN ******* saylı qərar qəbul edilmiş, həmin qərara əsasən o, 1000 manat cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar onun hüquqlarını pozulmaqla həyata keçrilmişdir. Hesab edir ki, barəsində inzibatı araşdırma səthi aparılmışdır. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əsassız qərar qəbul edilmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun iştrakı təmin edilməmiş və qanunla qorunan hüquqları pozulmuşdur. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 məhkəmə iclasında verdiyi izahatında şikayətində göstərilən halları təsdiq edərək bildirmişdir ki, Kəlbəcər rayonu, Bəzirxana kəndində qeydiyyatda olmasına baxmayaraq 1993-cü il tarixdə məcburi köçkün olaraq Ağdaş rayonu, Mürsəl kəndində məskunlaşmışdır. Həmin kəndin ərazisində Bələdiyyə tərəfindən ona 7 sot torpaq sahəsi ayrılmış və o, həmin torpaq sahəsinə nar bağı salmışdır. Lakin həmin sahədə qurumuş söyüd ağacları və qovaq ağacları da var. Külək əsərkən qurumuş söyüd ağacının biri qırılaraq nar ağaclarının üstünə aşmış və nəticədə ağaclara ziyanlıq dəymişdir. Bu səbəbdən də o, özünə məxsus bağında olan qurumuş ağacları kəsərək bağda təmizlik işləri aparmışdır. Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ona məxsus bağ sahəsinə gəlkib baxış keçirərək 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərar qəbul edərək ona 1000 manat məbləğində cərimə yazılmışdır. O, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinə kəsdiyi ağaclar bələdiyyə torpağında olsa da quru olduğunu, maddi imkanın zəif olduğunu, ailəsini çətinliklə dolandırdığını, həmin məbləği ödəmək iqtidarında olmadığını bildirsə də, nümayəndələr onun sözünə əhəmiyyət vermədən barəsində qərar çıxarmışlar. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərarı tam əsassızdır. Şikayət vermiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsinə Çıxarış almamışdır, yəni həmin torpaq ona istifadə üçün verilmiş və hazırda da bələdiyyə torpağıdır. Kəsdiyi söyüd ağacı külək əsərkən meyvə ağacının üstünə düşmüşdür. O, qurumuş qğacın kəsilməsi üçün icazə almalı olduğunu bilməmişdir. Lakin ağacların qırılmasına dair hər hansı bir foto və ya videoçəkiliş etməmişdir. qeyd olunanların nəzərə alınaraq barəsində tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında şikayətə etiraz edərək bildirmişdir ki, X8 istifadəsində olan torpaq sahəsi bələdiyyəyə məxsusdur. Həmin torpaq sahəsində ağac əkilərkən və kəsilərkən icazə alınmalıdır. X20 tərəfindən ağaclar kəsilərkən heç bir icazə alınmamışdır. Həmçinin araşdırma nəticəsində müəyyən edilmişdir ki, kəsilmiş dörd ağacdan yalnız biri külək əsməsi nəticəsində yıxılmış, qalanları isə kökü üstündə olmuşdur. Hər bir halda İslam Qasımov ağacları kəsərkən icazə almalı idi. Bu səbəbdən də onun barəsində tərtib edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq X12 tərəfindən verilmiş şikayət təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Mürsəl kənd bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 05 saylı iclas protokolunun surətindən görünür ki, Kəlbəcər rayonu, Bəzirxana kənd sakini qaçqın 10 nəfər ailə üzvü adından verdiyi ərizəsinin nəzərə alınması, 11 nəfər ailə üzvünün hər birini 0,70 hektar olmaqla onlara Kəlbəcər rayonu işğaldan azad olunub öz torpaqlarına qayıdan müddətə qədər istifadə üçün Bələdiyyə məxsus köhnə kənd adlanan, hal-hazırda yaşadıqları Qəribli sərhədindən 7,7 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Kəlbəcər rayon qaçqını X5 və onun 10 nəfər ailə üzvünə müvəqqəti olaraq torpaq sahəsi seçilməsi və verilməsi barədə 06 may 2006-cı il tarixli Aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına uyğun olaraq Mürsəl Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 05 saylı qərarına əsasən Kəlbəcər rayonu, Bəzirxana kənd sakini X5 və onun 10 nəfər ailə üzvlərinə köhnə kənd adlanan Qəribli kəndinin sərhədində yerləşən bələdiyyəyə məxsus 1993-cü ildən halhazıradək yaşadığı torpaq sahəsindən 7,7 hektar torpaq ahəsi ayrılaraq X5 Kəlbəcər rayonu azad edilənə qədər onların istifadəsinə verilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən Ağdaş rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubun surətindən görünür ki, X9 və arvadı X2 rayonu ərazisində daimi pasport qeydiyyatında olmayıblar və hal-hazırda “məcburi köçkün” kimi Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatdadırlar. İş materiallarında olan 13 saylı X11 Mərkəzinin Ağdaş meşəbəylikləri üzrə meşə əkin mühəndisi X13 tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli rəyinin surətindən görünür ki, Mürsəl kənd bələdiyyəsi ilə Qəribli bələdiyyəsinin həmsərhəd ərazisində olan ağaclara baxış keçirilmiş və baxış zamanı 36 sm diametrində olan söyüd ağacı quru halda, qovaq cinsinə aid diametrləri – 30 sm, 30 sm, 18 sm ağaclar quru halda, 24 sm diametrində qovaq ağacı quru halda küləyin təsiri nəticəsində kökündən çıxdığı müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, o, Ağdaş rayonu, Mürsəl kəndində bələdiyyə torpaqğında olan 36 sm diametrində olan söyüd ağacı quru halda, qovaq cinsinə aid diametrləri – 30 sm, 30 sm, 18 sm ağaclar quru halda, 24 sm diametrində qovaq ağacı quru halda küləyin təsiri nəticəsində kökündən çıxmışdır. İş materiallarında olan X8 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X14 verdiyi izahatın surətindən görünür ki, o, izahatında Ağdaş rayonu, Mürsəl kəndində Mürsəl bələdiyyəsinə məxsus və özünün istifadəsində torpaqa sahəsində olan bir ədəd diametri 36 sm olan söyüd ağacı quru halda, qovaq cinsinə aid diametrləri – 30 sm, 30 sm, 18 sm ağaclar quru halda, 24 sm diametrində qovaq ağacı quru halda küləyin təsiri nəticəsində kökündən çıxdığından kəsdiyini və bunun qanunsuz olduğunu bilmədiyini bildirmişdir. Beləliklə, qərardan şikayət vermiş X12 müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan özbaşına olaraq bir ədəd qovaq ağacını kök boğazdan kəsdiyini və protokola imza etdiyini öz izahatında səmimi etiraf etmişdir. Bundan əlavə hadisə yerinə baxış zamanı ağacın məhv olunması və qurumaq üzrə olması dəvət olunmuş mütəxəssisin rəyi ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, "Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Lakin sözügedən yaşılıqların götürülməsi üçün müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan həyata keçirilmişdir. "Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən yaşıllıqların məhv edilməsi dedikdə bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət başa düşülür. Oxşar münasibətləri nizama salan İnzibati Xətalar Məcəlləsininn 253-1.2.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda, 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.1-ci maddələrinə əsasən - müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə və yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş 27 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 rayonu, Mürsəl kəndi ərazisində 36 sm diametrində olan söyüd ağacının, qovaq cinsinə aid diametrləri – 30 sm, 30 sm, 18 sm ağacların kəsilməsi və 24 sm diametrində qovaq ağacı quru halda küləyin təsiri nəticəsində kökündən çıxarılması ilə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.1-ci maddələri ilə təqsirli bilinmişdir. X12 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X8 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X8 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X12 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar