Məhkəmə qərarları › İş №3(014)-165/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-165/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-165/2024 04.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağdaş rayonunun Orta Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş rayonunun Orta Qəsil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 06 dekabr 2023-cü il tarixində saat 23:00 radələrində Ağdaş rayonu Orta Qəsil kəndində Zərərçəkmiş şəxs məxsus evi qəsdən yandıraraq sonuncunun əmlakına 4403 manat maddi ziyan vuraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsinin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə Şəxs barəsində 15 aprel 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, qeyd edilən yanğın hadisələrini o, törətməmiş, bu hadisələrlə əlaqədar olaraq onu Polis şöbəsinə çağırmışlar və izahatını almışlar. Polis şöbəsində ondan yanğın hadisəsi olanda harada olduğunu soruşmuşlar. O, da ev yananda yasda olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun qonşusudur. Hadisə 22 iyul 2023-cü il tarixdə saat təxminən 23:30-24:00 radələrində baş vermişdir. Ev yananda işıqlar yanıb-sönmüş, anası bayıra çıxıb Əntiqə xalanın evinin yandığını görmüşdür. Növbəti gün əməlliyatçılardan zəng gəlmiş ev yanğını ilə bağlı izahat vermək üçün onu Polis şöbəsinə dəvət etmişlər. Sonra isə onu maşına əyləşdirib, mobil telefonu söndürüb Polis şöbəsinə aparmışlar. Kənddə baş verən digər tövlə yanğınları zamanı zərərçəkmiş şəxslərə kömək etmişdir. Onun günahı olsaydı gedib heç kömək etməzdi. Polis şöbəsinə onu apararkən orada ona zor tətbiq etdiklərinə görə evi yandırdığını etiraf etmişdir. Polis şöbəsində ona dedilər ki, bu hadisəni törətməkdə guya o, qisas almışdır. Əntiqə xalanın oğlu Rəcəb ilə yaxın qardaş kimi olmuşlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sualları cavablandıraraq bildirdi ki, araşdırma zamanı verdiyi izahatdakı imza ona məxsusdur, onu zorla imzaladıblar. O, polisdə izahat verib çıxdıqdan sonra evinə getmiş və döyülməyi barədə heç bir orqana nə yazılı, nə də şifahi məlumat verməmişdir. O, teztez spirtli içkilər qəbul edir, sərxoş olur, lakin bu o demək deyil ki, qeyd edilən yanğın hadisələrini törətmişdir. O, siqaret də çəkir. Yanğın hadisələrinin hamısı onun yaşadığı küçədə olduğuna görə yanğınların onun tərəfindən törədilməsi güman edilir. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında bildirdi ki, Şəxs ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur. 02 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlinini müalicəyə aparmışdır. 06 dekabr 2023-cü il tarixdə gecə saatlarında oğlu Rəcəb zəng vuraraq evin yandığını bildirmişdir. Hadisə yerinə çatdıqda, hələ tüstü var idi. Həmin ərəfələrdə onların kəndlərində və qonşu kənddə 8 yanğın hadisəsi baş vermişdir, yəni 8 nəfərin mal tövlələri, ot kipləri, hətta 1 nəfərin evi yandırılmışdır. Yasinin evini də yandırarkən Rəmiş içkili olmuş, ilişib ayağı mismara dəydiyindən qanamışdır. Baş vermiş yanğının kiminsə tərəfindən qəsdən törədildiyini fikirləşdiyi üçün hadisə barədə Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin yanğını törədən Şəxsdur. Ev iki otaqdan ibarətdir, qabağı eyvandır. X3 onun evindən 70-80 metr məsafədə yaşayır. O, pəncərədən evin yandığını görmüşdür. Rəmişin evi yandırmağını görən olmamışdır. Rəmiş neçə dəfə Rəcəbə zəng vuraraq işinin olduğunu və görüşməli olduqlarını bildirmişdir. Düşmənçilik ancaq mal otarmaq üstündə olmuşdur. Bu hadisə nəticəsində xəsarət alan olmasa da, ona xeyli ziyan dəymişdir. Lakin dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirdi ki, o, Rəmişi pis uşaq kimi tanımamış, Rəmişin bir neçə dəfə sərxoş olduğunu, siqaret çəkdiyini görmüşdür. O, digər zərərçəkənlər kimi fikirləşir ki, əgər Rəmişin təqsiri olmasa idi, onlara yaxınlaşıb üzr istəyə bilərdi. Bu günədək nə Rəmiş, nə də ailə üzvləri onlara yaxınlaşıb, üzr istəməmişlər və ya bu hadisənin Rəmiş tərəfindən törədilməməsi barədə heç bir söz deməmişlər. Rəmiş bu yanğın hadisələrini törətdiyini özü Polis şəbəsində etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, 06 dekabr 2023-cü il tarixdə gecə saat 24:00 radələrində Ağdaş rayonu, Orta Qəsil kəndində Şəxs onun evini yandırmışdır. Şəxs ailəsi ilə bir yerdə çörək kəsmişlər. Uşaqlıqdan o, uşaq çox dələduz olmuşdur. Ev yanarkən çox ziyan dəymiş, belə ki, xeyli döşək, xalça, nənəsinin yorğandöşəyi, yoldaşının cehizi və hamısı yanmışdır. O, gələndə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, kəndin sahə rəisi hadisə yerində olmuşlar. Hava qaranlıq idi. O, Rəmişin atasından bütün kənd camaatının onlarda olduğunu, onların nə üçün gəlmədiklərini soruşmuş, sonuncu eşitmədiklərini bildirmişdir. Onların evləri Rəmişgilin evindən 100 metr məsafədə yerləşir. Mübahisə uşaqlar arasında olmuşdur. Onun fikrincə Rəmiş hadisəni qəsdən törətmişdir. Rəmiş hadisədən əvvəl yorğan-döşəyi, xalçaları satıb sonra isə benzin töküb yandırmışdır. Həmin evdə 6 ildir yaşanılmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, hadisə günü Bakıda olmuş və anası yanına gəlmişdir. Dekabrın 2-si yoldaşı əməliyyat olunmalı idi və uşağı xəstə idi. Qardaşı Rəcəb zəng vurub evin yandığını bildirdi. Üç otağın içindəki bütün əşyalar yanmışdır. Onlara 20-25 min manat ziyan dəymişdir. Anası ilə gəldikdə hələ də tüstünün olduğunu görmüşlər. Düşmənləri olmayıb, bütün kənddən şübhələnir. Onlar birlikdə böyümüşlər. Kəndə gələndə həmişə Rəmişin anası ilə görüşürlər. Yanğının özləri tərəfindən çəkilmiş fotoşəkilləri var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, 06 dekabr 2023-cü il tarixdə gecə saat 24 radələrində evində yatarkən səs gəldiyini eşidib kənddə bir neçə yanğın hadisəsi olduğuna görə ayağa qalxıb bayıra çıxmış və anasıgilin evinin yandığını görmüşdür. Anası ilə onun evi bir həyətdə yerləşir. O, tez Fövqəladə Hallar Nazirliyinə və Polis şöbəsinə zəng etmişdir. Yanğın sol tərəfdə, içində mebel olan otaqda başlamış, o, çatanda artıq evin dam örtüyü partlayırmış. Onun fikrincə dəyən ziyan 20-25 min manatdır. Hadisə ilə bağlı polisin araşdırması nəticəsində evi Rəmişin yandırdığı məlum olunmuşdur. Məhkəmə iclasında X1 cavablandıraraq bildirdi ki, yanğın hadisəsini Rəmişin törətməsi polisin araşdırması nəticəsində müəyyən olunmuşdur. Rəmişlə aralarında heç bir ədavət, düşmənçilik yoxdur. Rəmişin sərxoş olub birdəfə dayısı ilə dalaşdığını, balta ilə onun üzərinə getdiyini, baltanı anasının Rəmişin əlindən aldığını görmüşder. Evin qəsdən yandırıldığı müəyyən olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələndə o, özü qapını açmış, evin orta pəncərəsi aralı olduğunu, mismarının da əyilib, evin qapılarının isə örtülü olduğunu görmüşdür. Yanan evin iki pəncərəsi var, pəncərənin biri yola baxır, digəri isə eyvan tərəfə baxır. Rəmişgilin heyvanları onların həyətindəki ağacların yarpaqlarını yediyinə görə anası Rəmişə heyvanları aparıb öz həyətində bağlamasını tapşırmışdır. Ev yananda Rəmiş və onun anası da onlara gəlmişdilər, həmin vaxt Rəmiş sərxoş idi və ancaq yanğına baxıb gülürdü. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş Rayon dövlət X8 tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli, 3-18-93/2-423/2023 saylı məktubun surətindən görünür ki, 06 dekabr 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi barədə tərtib edilmiş ilkin akt aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X7 Yanğın Nəzarəti İdarəsinə göndərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş X13 Xidməti tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolunun surətindən görünür ki, Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 3-18- 74/2-3871/2023 saylı məktubun surətindən görünür ki, 06 dekabr 2023-cü il tarixdə Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxs verdiyi ərizəyə əsasən yanğın hadisəsinin qəsdən törədildiyi ehtimal edildiyindən baş vermiş yanğın hadisəsinin təhqiqat işinin araşdırılması üçün toplanmış material aidiyyəti üzrə Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş X13 Xidməti tərəfindən tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolunun surətindən görünür ki, Ağdaş rayonu, Orta Qəsil kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir. İşin materiallarında olan 21 fevral 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi, fərdi yaşayış evinin açıq tipli eyvanına daxil olduqda sağ tərəfdə yerləşən sayca birinci otağın daxilində, otağa girişdən sağ tərəfdə olmuş və yanğın mənbə zonasından yanar materialların üzərilə yüksələn xətt istiqamətində inkişaf edərək otağın daxilinə və evin dam hissəsinə genişlənmişdir. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni kənardan gətirilmiş alışdırma mənbəyi olan alışqandan istifadə edilməklə otağın daxilində xalça ilə döşəyin alışdırılması nəticəsində baş vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)- 50/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 5190 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-80/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 19 fevral 2024-cü il tarixli, 3(014)-50/2024 nömrəli qərarı ləğv edilmiş ,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinmiş, Şəxs törətmiş olduğu əməlini etiraf etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli hər üç zərərçəkmiş şəxsə münasibətdə törətməkdə təqsirli bilinmiş, zərərçəkmiş şəxs X5 və zərərçəkmiş şəxs X4 aid hissədə törədilmiş əmələ münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən həmin hissələrdə ona inzibati tənbeh tətbiri tətbiq edilməmiş, zərərçəkmiş şəxs X6 münasibətdə törətmiş olduğu əmələ münasibətdə təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarında olan 04 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağdaş rayonu, Orta Qəsil kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə bir sıra əşya və materialların dəyərlərinin müəyyən ediməsi üçün baxış keçirilmişdir. İşin materiallarında olan 03 aprel 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin N9/2142 ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda malların 2003-cü ildən istifadədə olması nəzərə alınmaqla orta istismar intensivliyi parametlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1798.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan 08 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 11 aprel 2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi Rəhman Yolçuyevin qərarı əsasında inzibati iş üzrə icraatın başlanılması qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, 3(014)-165/2024 nömrəli mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərarla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair smeta-layihə sənədlərinin və tikilidə olan çatların baş vermiş yanğından əvvəl və ya sonra yaranıb-yaranmaması barədə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mütəxəssis rəyinin təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubda qeyd olunan tədqiqat obyektinə dair smetalayihə sənədlərinin və tikilidə olan çatların baş vermiş yanğından əvvəl və ya sonra yaranıb-yaranmaması barədə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mütəxəssis rəyinin təqdim olunmasının imkan xaricində olduğu qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, heç bir yanğın hadisəsi törətmədiyi barədə məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşır və həmin izahatın özünü müdafiə xarakteri daşımaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı özünün istintaq zamanı verdiyi izahatı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri izahatları və iş materialları ilə təqzib olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli olması sübuta yetirildi. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, hətta onunla barışıq əldə etməyə və ya ziyanı ödəməyə cəhd göstərilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 6604.50 (altı min altı yüz dörd manat əlli qəpik) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar