Məhkəmə qərarları › İş №3(014)-169/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-169/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-169/2024 18.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsət qızının və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə 22 noyabr 1992-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax şəhəri, Mehdi Hüseyn küçəsi, ev 28 qeydiyyatda olmaqla yaşayan Şəxs Əlövsət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Əlövsət qızı xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində Zərərçəkmiş şəxs vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 01 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 18 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsət qızı izahatında bildirmişdir ki, Şəxs Əlövsət qızı onun qaynanasıdır. Mərhum əri Dövran Quliyev öldükdən sonra yaşadıqları evdən çıxaraq iki övladı qayanası ilə Ağdaş şəhərində yaşamaqla, bir övladını özü ilə Yevlax şəhərində anası ilə birlikdə yaşamağa getmişdir. Sonradan qaynanasının sosial yardımla kredit götürmüş və qaynanası həmin puldan ona vermədiyindən aralarında narazılıqlar başlamışdır. Bundan sonra qaynanası övladlarını ona göstərmir və onu evdən qovmuşdur. Aralarında bir neçə dəfə mübahisə və dava-dalaş baş vermiş, 01 aprel 2024-cü il tarixdə Ağdaş şəhərində M.İsayev küçəsində mübahisələri yaranmış, mübahisə zamanı qaynanası onu vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdi ki, Şəxs Əlövsət qızı onun gəlindir. Əvvəllər aralarında bir neçə dəfə mübahisə və dava-dalaş baş vermişdir. 01 aprel 2024-cü il tarixdə Ağdaş şəhərində M.İsayev küçəsində mübahisələri yaranmış, mübahisə zamanı gəlni Nuranə onu vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişdir. Hazırda Şəxs Əlövsət qızı ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxs Əlövsət qızını Ağdaş şəhəri, M.İsayev küçəsində vuraraq sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirdiyini, Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 01 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, bununla da Şəxs Əlövsət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 18 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Əlövsət qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar