Məhkəmə qərarları › İş №3(014)-174/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-174/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-174/2025 11.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, qərardan şikayət vermiş şəxs X5, qərarından şikayət verilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları X5 tərəfindən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin 06 mart 2025-ci il tarixli, AYN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsi ilə barəsində 06 mart 2025-ci il tarixli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs tərəfindən AYN № ******* saylı inzibati tənbeh vermə haqqında tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Qərib Qəribov şikayəti onunla əsaslandırmışdır ki, 05 mart 2025-ci il tarixdə ona məxsus **-BJ-*** nömrəli avtomobili Bakı şəhəri, Ənvər Qasımzadə 11010 nömrəli parklanma ərazisində əvvəlcədən ödəniş etməklə saat 19:23:53-dən 20:23:53-dək park etmişdir. Bundan sonra həmin ərazidə qalmalı olduğuna görə saat 21:14:56-dan 22:14:56dək əvvəlcədən ödəniş etmişdir. Qaydalara görə saat 22:00-dan sonra parklanma ödənişsiz olduğuna görə saat 22:14-dən sonra yeni parklanma üçün ödəniş etmək gərəkli olmadığına görə ödəniş etmədən həmin ərazidə 1-2 saat daha qalmışdır. Buna baxmayaraq heç bir qanuni əsas olmadan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi (Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə) ilə AYN № ******* saylı qərar tərtib olunaraq 20 manat məbləğində cərimə olunmuşdur. Parklanma üçün ödəniş etdiyi halda barəsində qərar qəbul olunaraq cərimə olunması ədalətli deyil. Əgər ödəniş etdiyi müddətdən artıq həmin yerdə avtomobili qalıbsa hər saat üçün nəzərdə tutulmuş parklanma qiyməti hesablanaraq borc olaraq yazıla bilərdi. Lakin parklanma üçün ödəniş etdiyi halda cərimə olunması qanunsuzdur. Bununla bağlı “Asanpay” şəxsi kabinet vasitəsi “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə şikayət edərək qərarın ləğv edilməsi və surətini ona göndərilməsini xahiş etmiş, lakin qərarın surəti ona göndərilməmişdir. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən 02 aprel 2025-ci il tarixində qərarın ləğv olunmaması barədə ona bildiriş göndərilmişdir. Qərar qəbul olunan gündən sonra bayram tətili olduğundan hazırda 03 aprel 2025-ci il tarixində məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, heç bir qanuni əsas olmadan “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə barəsində AYN № ******* saylı qərar tərtib olunaraq 20 manat məbləğində cərimə olunmuşdur. Belə ki, o Bakı şəhəri, Ənvər Qasımzadə 11010 nömrəli parklanma ərazisində ödəniş etməklə avtomobilini saxlamışdır. Ödəniş etməsinə baxmayaraq barəsində cərimə olunmasına dair əsassız qərar qəbul edilmişdir. Bundan başqa sözügedən qərar ona göndərilmişdir. Qeyd olunanların nəzərə alını barəsində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş AYN № ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edib, etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, 05 mart 2025-ci il tarixində saat 20:45-də, “MERCEDES E240” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Ənvər Qasımzadə küçəsində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P11010 nömrəli parklanma yerində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 53-cü maddəsinin XV və XXİ hissələrinin tələblərini pozaraq, nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerini tərk etdiyinə görə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi tərəfindən vətəndaş X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X7 tərəfindən **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 05 mart 2025-ci il tarixində, saat 19:23-dən 20:23-dək, P11010 nömrəli parklanma yerindən istifadə edilmiş və bu müddət üçün parklanmaya görə müəyyən edilmiş 0,70 manat məbləğ əvvəldən ödənilmişdir. Qanunun 53-cü maddəsinin XVİ hissəsinə əsasən, əvvəldən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Göründüyü kimi, X7 tərəfindən qanunvericiliyin qeyd edilən tələbi pozularaq, göstərilən tarixdə, saat 20:23-də parklanma müddəti bitdiyi vaxtdan və ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yeri tərk edilməmişdir. Bununla yanaşı, X7 tərəfindən qeyd edilən tarixdə saat 21:14-dən, saat 22:14-dək yenidən parklanma müddəti başladılmış və həmin müddət üçün parklanmaya görə müəyyən edilmiş 0,70 manat məbləğ əvvəldən ödənilmişdir. Beləliklə, 05 mart 2025-ci il tarixində saat 20:23-dən, saat 21:14-dək P11010 nömrəli parklanma yerindən istifadə edilərək, bu zaman aralığı üçün (51 dəqiqə) parklanma yerindən istifadə üçün əlavə ödəniş etmədiyinə görə X7 əsaslı olaraq Məcəllənin 346-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanların nəzərə alınıb “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin AYN № ******* saylı, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AYN № ******* saylı, 06 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. 05 mart 2025-ci il tarixli parkinqə dair tarixçədən görünür ki, Bakı şəhəri, Ənvər Qasımzadə -11010-da **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 05 mart 2025ci il tarixində, saat 19:23-dən 20:23-dək, P11010 nömrəli parklanma yerindən istifadə edilmiş və bu müddət üçün parklanmaya görə müəyyən edilmiş 0,70 manat məbləğ əvvəldən ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 şikayət ərizəsində inzibati xəta törətməməsi barədə dəlillər irəli sürmüş və şikayətini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Ənvər Qasımzadə 11010 nömrəli parklanma ərazisində əvvəlcədən ödəniş etməklə saat 19:23:53-dən 20:23:53-dək park etmiş, daha sonra həmin ərazidə qalmalı olduğuna görə saat 21:14:56-dan 22:14:56-dək əvvəlcədən ödəniş etmişdir. Saat 22:00-dan sonra parklanma ödənişsiz olduğuna görə saat 22:14-dən sonra yeni parklanma üçün ödəniş etmək gərəkli olmadığına görə ödəniş etmədən həmin ərazidə 1-2 saat daha qalmışdır. Şikayətin dəlillərindən də görünür ki, X1 19:23:53-dən 20:23:53-dək olan müddət ərzində qeyd edilən ünvanda avtomobilini park etdiyinə görə ödəniş etmiş və avtomobilin parklanmasına görə növbəti ödənişi 21:14:56-da həyata keçirmişdir. Göründüyü kimi ərizəçi Qərib Qəribov avtomobilini park etməsinə görə 1 sattlıq, yəni 19:23:53-dən 20:23:53-dək ödəniş etməklə qanunvericiliyin tələbinə riayət etsə də, müəyyən edilmiş müddət bitəndən sonra özünə məxsus “MERCEDES E240” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 50 dəqiqədən artıq həmin yerdə saxlamaqla İnibati Xətalar Məcəlləsinin 346.1-1-ci maddəsinin qeyd hissəsinin və Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XVİ bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Əvvəldən ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin Qanunun 53-cü maddəsinin XXİ bəndinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. 346-1.1. Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır. Beləliklə, məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına istinad etməklə hesab edir ki, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin X3 barəsində olan 06 mart 2025-ci il tarixli, AYN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Həmçinin, həmin qərarla X4 təqsirli bilindiyi maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 06 mart 2025ci il tarixli, AYN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin 06 mart 2025-ci il tarixli, AYN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar