Məhkəmə qərarları › İş №3(014)-182/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-182/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-182/2022 04.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunun Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05.11.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 262-ci kilometrliyində Şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində gedən yola əks istiqamətdə arxaya doğru manevr edən zaman həmin yolda dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, sonra isə yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almaqla Ağdaş RMX-yə müraciət etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Vİİİ Tağım YPX inspektoru polis serjantı X4 tərəfindən 06.12.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək 05.11.2021-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 262ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar bildirdi ki, “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X3 məxsusdur. 05 noyabr 2021-ci il tarixdə o, arvadı X2 ilə birlikdə yaşadıqları Mingəçevir şəhərindən Ağdaş rayonuna getməli olmuşlar. Belə ki, onlar Ağdaş rayonunda tikinti materialları mağazasından inşaat malları almalı idilər. Təxminən saat 16 radələrində onlar Mingəçevir şəhərindən Ağdaş rayonuna qohumu Zəfərə məxsus “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Ağdaş rayonunda o, Xeyransa ilə birlikdə mağazalarda olduqdan sonra Zərdab rayonunda qohumlarının yas mərasimində iştirak etmək üçün Zərdab rayonuna yollanmışlar. Ağdaş rayonunun Ləki qəsəbəsinə çatan zaman o, Zərdab rayonuna gedən yolu səhv saldığını bilib həmin yola çıxmağı üçün arxaya doğru manevr etmişdir. Həmin vaxt bir nəfər şəxsin avtomobilin baqajına əlini vurduğunu eşitmişdir. Bu zaman o, avtomobili saxlamış və avtomobildən düşmüşdür. Həmin şəxsə baxan zaman onun yerə yıxılmadığını görmüşdür. Lakin həmin şəxs ona “məni az qala öldürmüşdün” sözlərini demişdir. O isə həmin şəxsə tibbi yardım etmək üçün onu xəstəxanaya aparmağını bildirmişdir. Həmin şəxs isə xəstəxanaya yox sınıqçıya getmək istəyini bildirmişdir. Bundan sonra o, həmin şəxsi sınıqçıya aparacağına razı olduğunu bildirmişdir. Həmin şəxs öz avtomobili, o da öz avtomobili ilə yola düşmüşlər. Həmin şəxs yolda avtomobili saxlayıb xəstəxanaya getmək istədiyini bildirmiş, sonra yenə fikrin dəyişib səhəri gün gedəcəyini bildirmişdir. Bundan sona o, həmin şəxsə polisə də məlumat vermək istədiyini bildirmiş, həmin şəxs buna razı olmamışdır. Sonra isə o, avtomobilinə əyləşib Mingəçevir şəhərinə getmişdir. Bundan sonra həmin şəxs ona zəng edib müalicəsi ilə bağlı xərclər çəkdiyini bildirmiş, o isə həmin şəxsə müalicə üçün çəkilən xərclərin qəbzlərini verdikdən sonra həmin şəxsə pul ödəyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, 05 noyabr 2021ci il tarixdə təxminən saat 17:30 radələrində o, Ağdaş rayonu, Ləki kəndindən keçən Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Bakı şəhəri istiqamətində nəzərdə tutulmuş hərəkət yolunun sağ yan kənarında dayanmış və həmin yolda olan şəhidlərin fotolarını üzərində saxlayan lövhəyə baxmışdır. Bu zaman “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxaya doğru manevr etməklə hərəkətdə olduğunu görmüş və həmin avtomobil onun yolun kənarında dayanmağını nəzərə almadan üzərinə gəlmişdir. Həmin avtomobilin onu vurmaması üçün kənara qaçsa da, həmin avtomobil onun hər iki ayaqlarını vurmuşdur. Nəticədə xəsarət almışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşüb ona yaxınlaşmış və o, həmin şəxsdən onu xəstəxanaya aparmağını xahiş etmişdir. Həmin avtomobilin sürücüsü isə onun xahişini qəbul etmiş və idarə etdiyi avtomobil və onun avtomobili ilə dal-qabaq xəstəxanaya gedəcəklərini bildirmişdir. O da idarə etdiyi “VAZ 2106” markalı avtomobilə əyləşmiş, həmçinin onu vuran avtomobilin sürücüsü də avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. Qarşıda onu vuran avtomobil hərəkətdə olduğu zaman bir anda sürətini artırıb sola manevr edib hadisə yerindən yayınmışdır. Bundan sonra o, həmin şəxslə əlaqə saxlaya bilməmişdir. Almış olduğu xəsarətlə bağlı isə Ağdaş RMX-yə müraciət etmişdir. Hadisə nəticəsində biraz əzilsə də, hazırda sağalmışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 06.12.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar