Məhkəmə qərarları › İş №3(014)-184/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-184/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-184/2023 15.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1997-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Ağdaş şəhəi Məşəd küçəsində yerləşən evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 15 mart 2023-cü il tarixdə saat 12:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində 15 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 15 mart 2023-cü il tarixdə saat 04:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan polis əməkdaşı, Ağdaş rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid onu sakitləşdirmək istəyərkən, istəyən və nizam-intizama dəvət edən polis əməkdaşnın qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 izah etdi ki, 15 mart 2023-cü il tarixdə saat 04:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində ərazisində ucadan ünvansız nalayiq ifadələrlə söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və həmin yerdə xidmət aparan polis əməkdaşı, Ağdaş rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs 15 mart 2023-cü il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuş, bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs və digər şəxslərin izahatları alınmış və bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş şəhəri Məşəd küçəsində yerləşən evdə yaşadığını, 15 mart 2023-cü il tarixdə əsəbi olduğundan küçədə ucadan ünvansız nalayiq ifadələr söydüyü üçün onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmadığını, bundan sonra polis əməkdaşı tərəfindən Ağdaş rayon Polis şöbəsinə gətrildiyini, 15 mart 2023-cü il tarixdə saat 04:50-də inzibati qaydada tutulduğunu, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Ağdaş rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 izahatında göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun peşman olmasını bildirməsi və himayəsində bir azyaşlı uşağının olması onun əməlində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs özünün etirafedici izahatı, şahid izahatı və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cərimə növü təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini, əmlak vəziyyətini, əməlində yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 15 mart 2023-cü il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuş Şəxs dərhal inzibati həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar