Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-186/2022 21.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 18 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində sərxoş vəziyyətdə Ağdaş Rayon Polis Şöbəsinin girişində növbətçi hissənin qarşısında səs-küy salaraq nalayiq söyüşlər söyərək tabesizlik göstərmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə 21 aprel 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq 21 aprel 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi, 18 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə gələrək DİN-nin 102 xidmətinə etdiyi müraciəti ilə bağlı məlumat almaq üçün gəldiyini, Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq rəisin qəbuluna girmək istədiyini bildirdiyini və lakin növbətçi hissədən ona sərxoş olduğu üçün bu halda rəisin qəbuluna girməyinin mümkünsüz olduğunu, növbəti iş günü müraciət edə biləcəyinin izah edildiyini, buna görə də əsəblərini cilovluya bilmədiyini və səs küy salaraq etirazını bildirdiyini, həmin vaxt növbətçi hissənin qarşısında olan polis nəfəri Qüdrət Əliyevin onu nizam-intizama və qaydalara riayət etməyə tabe olmasını ona bildirsələr də o, hərəkətlərinə yenə davam etdiyini, hazırda əməlindən peşman olduğunu bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı PPXB-nin polis nəfəri, polis serjantı X1 məhkəmə iclasında 18 aprel 2022-ci il tarixdə axşam düzülüşümə gələrkən adını sonradan bildiyi Ağdaş rayonu, Yanarx kənd sakini Şəxs şöbənin daxilində olduğunu, səs-küy saldığını, qışqırdığını, ona yaxınlaşaraq ona özünü təqdim etdiyini və ona sakitliyə riayət etməsini, nizam-intizama dəvət etdiyini və onun etdiyi hərəkətlərin qanuna zidd olduğunu ona izah etdiyini, buna baxmayaraq ona sakit olması deyilsə də, o, tabesizlik göstərməyə, ucadan ünvansız söyüşlər söyməyə davam etdiyini, onun etdiyi əməllərdən sərxoş olduğunun məlum olduğunu, buna görə müayinədən keçirildiyini və onun sərxoş olmasının aşkar olunduğunu, həmçinin Şəxs bu cür qanunsuz hərəkətləri bir neçə dəfə etməsinin şöbə tərəfindən müəyyən olunduğunu bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş 18.04.2022-ci il tarixli 76 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olduğunu, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1970-ci ildə Ağdaş rayonu, Yanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, Ağdaş rayonu, Yanarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə iki yüz manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-186/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-186/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver