Məhkəmə qərarları › İş №3(014)-189/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-189/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-189/2025 15.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1997-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş şəhəri, X7 küçəsi 16/7 ünvanında yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 14 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 14 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində küçədə səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş və ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 14 aprel 2025-ci il tarixdə Ağdaş rayon X3 bölməsindən Ağdaş rayon Nemətabad kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan Şəxs izahatının alınması üçün Təhqiqat bölməsinə gətirilməsi ilə bağlı raport daxil olmuşdur. Həmin raportun icrası ilə bağlı 14 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid və X8 rayonu, Yuxarı Nemətabad kəndinə Şəxs yaşadığı ünvana gedib rayon Polis Şöbəsində aparılan araşdırma ilə bağlı izahat verməsi üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin Şəxs Polis Şöbəsinə getmək istəmədiyini bildirərək küçədə ucadan qışqıraraq səs-küy salmağa, ünvansız söyüşlər söyməyə başlamış, polis əməkdaşları ondan sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib qarşılıqlı davranış və birgə yaşayış qaydalarını izah etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 14 aprel 2025-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşadıqları evdə olarkən 3 nəfər polis əməkdaşı onu qapıya çağıraraq Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz bildirməyərək polis əməkdaşları ilə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində olarkən ona yaşadığı kənddə oğurluq hadisəsinin baş verdiyini, həmin oğurluğun onun tərəfindən törədiliyini bildirib, oğurluq nəticəsində dəymiş ziyanın tərəfindən ödənilməsini tələb etmişlər. O da heç bir oğurluq etmədiyini bildirmişdir. Polis əməkdaşları onu Polis Şöbəsinə gətirərkən o, polis əməkdaşlarına heç bir etinasızlıq göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Elə bir hal baş versə idi, qonşular səsə çıxmış olardı. Odur ki, qeyd olunanların nəzərə alınıb barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, 14 aprel 2025-ci il tarixdə Ağdaş rayon X3 bölməsindən icraatına Ağdaş rayonu, Nemətabad kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan Şəxs izahatının alınması üçün Təhqiqat bölməsinə gətirilməsi ilə bağlı raport daxil olmuşdur. 14 aprel 2025-ci il tarixdə saat 18:20 radələrində rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Cəsur Hümbətovla birlikdə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndinə gedib Şəxs özlərini təqdim edərək rayon Polis Şöbəsində aparılan araşdırma ilə bağlı izahat verməsi üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin Şəxs getmək istəmədiyini bildirərək küçədə ucadan qışqıraraq səsküy salmağa, ünvansız söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs sakit olmasını, ictimai qaydanı pozmamasını bildirib qarşılıqlı davranış və birgə yaşayış qaydalarını və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirdiyi üçün onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şahid verilən sualları cavablandıraraq bildirdi ki, Şəxs küçədə səs-küy salıb söyüş söyərkən tərəfindən heç bir protokol tərtb edilməmiş və ya video çəkiliş qeydə alınmamışdır. Həmin vaxt ətrafda insanlar olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 14 aprel 2025-ci il tarixli raportdan görünür ki, 14 aprel 2025-ci il tarixdə Ağdaş rayon X3 bölməsindən icraatına Ağdaş rayonu, Nemətabad kəndində baş vermiş oğurluq hadisəsi ilə bağlı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan Şəxs izahatının alınması üçün Təhqiqat bölməsinə gətirilməsi ilə bağlı raport daxil olmuşdur. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 14 aprel 2025-ci il tarixdə, saat 19:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X4 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekası yoxlanılan zaman müəyyən edilmişdir ki, vətəndaş Şəxs barəsində 21 aprel 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi, 08 may 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi, 15 noyabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə zamanı aparılmış araşdırma zamanı, Şəxs Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində küçədə səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etməsi, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması faktı öz təsdiqini tapmamış, iş materiallarında bu faktı təsdiq edən mötəbər sübutlar müəyyən olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamanın və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar