Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-190/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasnın katibi X1, səlahiyyətli şəxs: Ağdaş rayon X5 Patrul Xidmətinin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16 aprel 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində idarə etdiyi **- KL-*** dövlət qeydiyyat nömrə nişanlı, “VAZ 2109” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən avtomobilin şinlərindən tükürpədici səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayonu Yol patrul xidməti tərəfindən 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özünə məxsus “VAZ 2109” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır və həmin nəqliyyat vasitəsinin ehtiyyat hissələrini dəyişərək təmir etmişdir. Təmirdən sonra nəqliyyat vasitəsinin işlək vəziyyətdə olmasını yoxlamaq məqsədi ilə Ağdaş rayonu, Heydər Əliyev prospektində hərəkət etdirərkən nəqliyyat vasitəsinin təkərləri asfalt örtüyünə sürtünərək yüksək səs çıxmış, həmin vaxt yol patrul xidmətinin əməkdaşları ona saxla işarəsi verərək nəqliyyat vasitəsini saxlatmışlar. Bundan sonra yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq avtoxuliqanlıq etdiyini, ətrafda insanların narahatlığına səbəb olduğunu bildirmişlər. O, yol patrul xidmətinin əməkdaşlarına nəqliyyat vasitəsinin yeni təmirdən çıxardığını və işlək vəziyyətdə olub-olmamasını yoxladığını bildirmişdir. Lakin yol patrul xidmətinin əməkdaşları onu heç bir əsas olmadan Ağdaş rayon X4 yol polisi bölməsinə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş izahatı özü təzyiq altında yazmışdır. Belə ki, yol patrul xidmətinin əməkdaşları onu Ağdaş rayon X4 yol polisi bölməsinə gətirərək bir otağa salaraq onu həbs olunacağı ilə qorxudaraq etdiyi əməlin avtoxuliqanlıq olduğunu etiraf etməsinə dair təzyiq göstərmişlər. Eyni zamanda izahatı videogörüntü ilə alınmışdır. O, polis əməkdaşlarından qorxduğundan etdiyi hərəkətin avtoxuliqanlıq olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. Halbuki o, heç bir pozuntu etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X4 yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 16 aprel 2024-cü il tarixdə, saat 18:45 radələrində xidmətdə olarkən Ağdaş rayonu, Heydər Əliyev prospektində “VAZ 2109” minik markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəflətən yüksək səs etdiyini eşitmişlər. Həmin səs isə ətrafda insanların narahatlığına səbəb olduğundan nəqliyyat vasitəsinə saxla əmri verərək sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra nə üçün belə bir hərəkət etdiyini soruşmuşlar. Sürücü nəqliyyat vasitəsini yeni təmirdən çıxardığını və onun işlək olub-olmadığını yoxladığını bildirmişdir. Ona etdiyi hərəkətin avtoxuliqanlıq hərəkətləri olduğunu bildirərək Ağdaş rayon X4 yol polisi bölməsinə dəvət etmişlər. Sürücü isə heç bir etiraz etmədən onlarla birlikdə Ağdaş rayon X4 yol polisi bölməsinə gəlmişdir. Bundan sonra onun izahatı alınmış, özü etdiyi əməlindən peşman olduğunu bildirərək izahat yazmış və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X4 yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Ağdaş rayon X4 yol polisi bölməsində sürücünün izahatı alındıqdan və protokol tərtib edildikdən sonra o, ailəsinə xəbər vermək məqsədi ilə çölə çıxmış və oradan çıxıb gedərək geri qayıtmamışdır. Tərtib olunmuş protokola dair tədbir görülməsi üçün dəfələrlə sürücü ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, yaşadığı ünvana məktub göndərilmiş, lakin o, səhhətində problem olduğunu əsas gətirərək heç bir çağırışa gəlməmiş və buna görə də inzibati xəta haqqında material məhkəməyə gec göndərilmişdir. Hadisənin baş verdiyi ərazidə müşahidə kameraları olmamışdır, yalnız hadisənin həmin ərazidə yerləşən “Birinci” market adlı obyektin müşahidə kameraları ilə qeydə alınma ehtimalı ola bilər. Həmçinin sürücünü təqsirliliyini sübut etmək məqsədilə hadisə baş verən zaman yolun səthində təkər izlərinin olub-olmamasına dair heç bir fotoşəkil çəkilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon X4 yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib olunmuş 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ağdaş rayon X4 yol polisi bölməsinin 18 aprel 2024-cü il tarixli inzibati xəta haqqında icraatın dayandırılması haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yeri müəyyən olunana qədər inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ağdaş rayon X4 yol polisi bölməsinin 24 aprel 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Ağdaş rayonu, Binələr kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə toplanmış inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə, Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla da qanunvericiliyə görə həmin maddə ilə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 2 əlamətlə xarakterizə edilir: 1) mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması; 2) yolun səthində çoxsaylı təkər izlərinin buraxılması. Əməlin yuxarıda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv cəhətinin yuxarıda göstərilən əlamətlərinin hər hansı biri mövcud olmalıdır. Lakin Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin obyektiv tərəfini təşkil edən hərəkətlərə yol verilməsi iş materiallarına əlavə olunmuş sənədlərdə öz əksini tapmamışdır. Bundan əlavə qeyd edilən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsində əsas sübut növlərindən biri olan, törədilməsi ehtimal edilən inzibati xətanın görüntülərini özündə ehtiva edən müvafiq videogörüntülərdir. Lakin məhkəmə iclasında çıxış edən Ağdaş rayon X4 yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 izahatında inzibati xəta hadisəsi törədilən zaman heç bir videogörüntünün qeydə alınmadığını bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Ağdaş rayon X4 yol polisi bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından Şəxs barəsində əsassız olaraq 16 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53.2-ci maddəsində hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda Şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Bağırov Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-190/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-190/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver