Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-192/2024 25.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə xx.xx.1973-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsinin DYPB-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 25 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 24 aprel 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməsi barədə olsa da, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər natamamdır və düzgün tərtib edilməmişdir. Belə olan halda isə işə mahiyyəti üzrə baxılması mümkün deyil. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. Göründüyü kimi işin materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı kiril qrafikası ilə yazılmasına baxmayaraq, o, müdafiəçi ilə təmin edilməmişdir və onun latın qrafikası ilə imzaladığı sənədlərin məzmunu ilə həqiqətən də tanış olub-olmaması müəyyən deyil. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Hazırkı halda isə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 334.1-ci maddələri ilə bir inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin maddələrdən yalnız biri (334.1-ci) məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə inzibati xəta haqqında protokola yalnız həmin hissədə baxa bilər. Belə olan halda isə inzibati xəta haqqında protokol tərtib etmiş orqan digər maddələrlə şəxsə tənbeh tətbiq etməsinə dair qərarı işin materiallarına əlavə etməli idi və ya həmin maddələrlə ümumiyyətlə ayrıca protokol tərtib edə bilərdi. Çünki məhkəmə tərəfindən həmin maddələr üzrə qərar qəbul edilməsi və ya öz səlahiyyətində olan maddə üzrə qərar qəbul edərkən digər maddələri də əhatə etməsi yolverilməzdir. Qeyd olunanlardan əlavə, inzibati xəta haqqında protokolun özü də natamam tərtib edilmişdir. Belə ki, inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarix, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsinə dair punktda onun izahatı qeyd olunmuş, adı, soyadı, atasının adı göstərilməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, vəsatətinin olub-olmaması dəqiqləşdirilməmişdir. Göründüyü kimi Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 334.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-192/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-192/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver