Məhkəmə qərarları › İş №3(014)-193/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-193/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-193/2024 07.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 4ndə qeydiyyatda olmaqla yaşayır. Ailəli olmaqla himayəsində 2 azyaşlı övladı, anası və 1-ci qrup əlil bacısı var. Kafe işlədərək onlara baxır. Onların dolanışığını təmin etməyə çalışır. Kafedə yemək verilmir. Ancaq çay, kofe və s. digər sərin içkilər verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə uyğun olaraq kafedə başqa şəxslər də işləyir. Belə ki, onları ona kömək etmələri üçün müəyyən əmək haqqı qarşılığında müqavilə ilə işə götürür. Yəni hər hansı bir şəxsi işə götürəndə heç bir əmək pozuntusu etmir. Əmək müqaviləsi bağlayaraq işə götürür. Həmçinin, işə götürməzdən əvvəl tanışları olan polis əməkdaşları ilə işə götürmək istədiyi şəxsin şəxsi məlumatlarını, yəni yaşının işləməyə uyğun olub-olmamasını və s. araşdıraraq işə götürür. O cümlədən Fatimə adlı qadın da işləmək üçün 2-3 dəfə ona müraciət etmişdir. Ucar rayonundan olan Fatimə işləmək üçün ona müraciət etdikdə, onun barəsində polis əməkdaşı işləyən tanışından maraqlanmış və azyaşlı olduğunu öyrənmişdir. Belə olan halda Fatimə adlı qadını işə götürməmişdir. Lakin Fatimənin deməsinə görə onun yanında işləmiş və onu işlədiyi kafedən anası gəlib evlərinə aparmışdır. Bu tamamilə yalan və əsassızdır. O, indiyə kimi kafedə azyaşlı şəxsləri işlətməmişdir. Hər hansı bir şəxsi işə götürməzdən əvvəl tanışı olan polis əməkdaşlarından maraqlanır və portal vasitəsi ilə məlumat əldə etdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə uyğun olaraq işə götürür. Fatimə adlı qadının barəsində Ağdaş rayon prokurorluğunda hansısa bir material olmuşdur. Həmin material üzrə izahat verərkən yalandan ona məxsus kafedə işlədiyini bildirmişdir. Fatimə tərəfindən verilən yalan izahat əsasında o, prokurorluğa çağırılmışdır. Bu barədə ondan soruşulduqda, prokurorluğun əməkdaşlarına həmin Fatimə adlı qadının onun yanında işləmədiyini, onu işə götürmədiyini bildirmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən ona bildiriş gəlmiş və barəsində tərtib edilmiş protokol üzrə 17 aprel 2024-cü il tarixə Ucar rayonuna çağırılmışdır. Himayəsində 2 azyaşlı uşaq və 1-ci qrup əlil bacısı olduğuna görə Ucar rayonuna gedə bilməmişdir. Sonradan ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən xx.xx.2024-cü il tarixli MN seriya ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar göndərildi. xx.xx.2024-cü il tarixdə ona poçtalyon tərəfindən zərf təqdim edildi. Zərfi açıb baxdıqda məlum oldu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat miqdarında inzibati cərimə olunmağı barədə qərar tərtib edilmişdir. Qərara baxdıqda həmin qərarın nə qədər qanunsuz və əsassız olması ona məlum olmuşdur. O, kafedə heç bir zaman əmək müqaviləsi olmadan fiziki şəxsləri işə götürməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən işin halları tam araşdırılmadan və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan ədalətli olmayan qanunsuz qərar qəbul edilmişdir. Ümumiyyətlə Fatimə adlı qadının həmin kafe ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriya ******* saylı inzibati, tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Ağdaş rayon prokurorluğundan şöbəyə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. Həmin qərarda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Ağdaş şəhəri, Heydər Əliyev prospekti 124A ünvanında yerləşən “FB” adlı kafedə X6, X7 və X10 əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Fatimə Hüseynovanı 9 iyun 2023-cü il tarixdən 3 avqust 2023-cü il tarixədək, Türkanə Məmmədovanı 2024-cü ilin yanvar ayının əvvəllərindən mart ayınadək, Tünzalə Cəfərzadəni 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək qulluqçu vəzifəsinin yerinə yetirilməsinə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sonuncuları xidmətçi vəzifəsinin yerinə yetirilməsidə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən qərar prokurorluqdan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə daxil olduqdan sonra araşdırılma aparıldıqdan sonra X11 barəsində 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin materiallarında olan X4 Ağdaş rayon prokurorluğunda verdiyi izahatından görünür ki, 19 iyun 2023-cü il tarixdən 3 avqust 2023-cü il tarixədək Baxşalı adlı şəxsin işlətdiyi təzə RMX-nin yaxınlığında yerləşən “FB” adlı kafedə işləmiş, işlədiyi müddət ərzində onunla əmək müqaviləsi bağlanmamışdır. İşin materiallarında olan X5 Ağdaş rayon prokurorluğunda verdiyi izahatından görünür ki, 2024-cü ilin yanvar ayının əvvəllərindən Baxşalı Baxışovun işlətdiyi “FB" çay evində qulluqçu kimi işləyir. “FB” çay evi Ağdaş şəhəri H.Əliyev prospekti 124A ünvanında yerləşir. “FB” çay evində işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamışdır. İşin materiallarında olan X8 Ağdaş rayon prokurorluğunda verdiyi izahatından görünür ki, “FB” çay evi açılandan həmin çay evində işləyir. “FB” çay evi təxminən 7-8 aydır ki fəaliyyət göstərir. “FB” çay evi Ağdaş şəhəri H.Əliyev prospekti 184 ünvanında yerləşir. “FB” çay evində işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanmamışdır. İşin materiallarında olan X3 Ağdaş rayon prokurorluğunda verdiyi izahatından görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, Fatimə Hüseynovanı tanıyır. Fatimə Hüseynova onun hazırda xatırlamadığı tarixlərdə icarə əsasında işlətdiyi “FB” adlı kafedə qulluqçu kimi işləmişdir. Həmin vaxt Fatimə Hüseynova ilə əmək müqaviləsi bağlamamışdır. İşin materiallarında olan Ağdaş rayon prokurorluğunun 06 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür k, xx.xx.1984-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, orta-ixtisas təhsilli, evli X3 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməsi, qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarında olan 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 4000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən X9 ünvanlanmış 27 aprel 2024-cü il tarixli, 3-17-5/2-21595/2024 saylı məktubdan görünür ki, X2 Əmək Müfəttişliyi Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilməsi və həmin cərimənin ödənilməsi barədə xəbərdar edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Ağdaş şəhəri, Heydər Əliyev prospekti 124A ünvanında yerləşən “FB” adlı kafedə X6, X7 və X10 əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Fatimə Hüseynovanı 9 iyun 2023-cü il tarixdən 3 avqust 2023cü il tarixədək, Türkanə Məmmədovanı 2024-cü ilin yanvar ayının əvvəllərindən mart ayınadək, Tünzalə Cəfərzadəni 2023-cu ilin yay aylarından 2024-cü ilin mart ayınadək qulluqçu vəzifəsinin yerinə yetirilməsinə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xidmətçi vəzifəsinin yerinə yetirilməsidə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon prokurorluğunda araşdırma aparıldıqdan sonra X3 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması,barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə göndərilməsi, qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi barədə qərar qəbul edilmiş, qərar daxil olduqdan və araşdırma aparıldıqdan sonra X11 barəsində 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardır. Qeyd olunan Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X3 ilk dəfə bu məzmunda inzibati məsuliyyətə cəlb edilməsi, himayəsində İ qrup əlil bacısının və iki azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsi X3 barəsində tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən pozuntulara yol verilmiş, belə ki, X3 məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli, X11 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mərkəzi Aran regional şöbəsinin 17 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X11 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar