Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-198/2021 17.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs 28.04.2021-ci il tarixdə Ağdaş rayonunun Yenicə kəndində yerləşən kafedə qumar oynaması aşkar olunmuşdur. Buna görə də onun barəsində 29.04.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 28 aprel 2021-ci il tarixdə Ağdaş rayonunun Yenicə kəndində yerləşən Nicat adlı şəxsin işlətdiyi kafedə həmkəndliləri X4, X5 və X2 ilə oturmuşdu. Onlar kafedə çay içdikdən sonra heç bir pul məbləği qarşılığında olmadan istirahət etmək üçün kartla oyun oynamışlar. Stolun üzərindəki pul isə kafedə içdikləri çayın hesabını ödəmək üçün pul idi. Həmin pulu öz aralarında toplayıb masanın üzərinə qoymuşlar ki, ofisiant gələrkən ona təqdim etsinlər. Bu zaman otağa polis əməkdaşları daxil olmuş, ortalıqda olan pul vəsaitini və kartları protokollaşdıraraq maddi sübut kimi götürmüşlər. Daha sonra onları polis şöbəsinə dəvət etmişlər. Və barələrində inzibati xəta haqqında protokol tərtib etmişlər. Polisdə ona demişlər ki, otaqda olanların hamısının qumar oynaması barədə izahat verəcəyi təqdirdə onu cərimə etməyəcəklər. Buna görə də Ağdaş rayon Polis şöbəsində məzmunu onların dediyi formada yazmaqla izahat vermişdir. Halbuki, o, ümumiyyətlə qumar oyununun qaydasını bilmir. Kafenin sahibinin və kafenin işçilərinin onların otaqda kart oynamaqları barədə məlumatı olmamışdır. Onlar özləri ilə gətirdikləri kart vasitəsilə oynayırdılar. Nicatın kafesini isə qumar oynanılan yer kimi deyil, adi kafe kimi tanıyırlar və mütəmadi olaraq həmin yerə gedirlər. O, heç bir qanunu pozmamışdır. Buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, o, 28 aprel 2021-ci il tarixdə Ağdaş rayonunun Yenicə kəndində yerləşən Nicat adlı şəxsin işlətdiyi kafedə həmkəndliləri Şəxs, X5 və X4 ilə oturmuşdu. Onlar kafedə çay içərkən heç bir pul məbləği qarşılığında olmadan istirahət etmək üçün kartla oyun oynamışlar. Stolun üzərindəki pul isə kafedə içdikləri çayın hesabını ödəmək üçün pul idi. Həmin pulu öz aralarında toplayıb masanın üzərinə qoymuşlar ki, ofisiant gələrkən gözləmədən götürsün. Bu zaman otağa polis əməkdaşları daxil olaraq, ortalıqda olan pul vəsaitini və kartları protokollaşdıraraq götürmüşlər. Daha sonra onları polis şöbəsinə dəvət etmişlər və barələrində inzibati xəta haqqında protokol tərtib etmişlər. Polisdə ona bildirmişlər ki, otaqda olanların hamısının qumar oynaması barədə izahat verəcəyi təqdirdə onu cərimə etməyəcəklər. Buna görə də Ağdaş rayon Polis şöbəsində məzmununu onların dediyi formada yazmaqla izahat vermişdir. Halbuki, o, ümumiyyətlə qumar oyununun qaydasını bilmir. Onu da bildirir ki, kafenin sahibinin və kafenin işçilərinin onların otaqda kart oynamaqları barədə məlumatı olmamışdır. Onlar özləri ilə gətirdikləri kart vasitəsilə oynamışlar. Nicatın kafesini isə qumar oynanılan yer kimi deyil, adi kafe kimi tanıyırlar və mütəmadi olaraq həmin yerə gedirlər. Onlar heç bir qanunu pozmamışlar. Məhkəmə iclasında şahidlər X5 və Şeydaoğlu Səbuhi Vaqif oğlu eyni məzmunlu izahatlar verərək, şahid X1 izahatına uyğun izahat verdilər. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu maddədə “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. İşin halları və şahidlərin izahatları ilə müəyyən edilir ki, Şəxs kart oyunu oynasa da, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan heç bir oyun oynamamışlar. Belə olan halda isə onun qumar oynaması barədə müddəalar öz təsdiqini tapmır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Hazırkı halda isə məhkəməyə maddi sübut kimi oyun kartları və pul vəsaiti təqdim olunsa da, həmin maddi sübutlar qanunvericiliyə uyğun olaraq protokollaşdırılmanış, pul vəsaitlərinin həqiqətən də həmin yerdən götürülməsini təsdiq olunması üçün götürülmüş əsginasların nömrələri qeyd olunmamış və əşyaların götürülməsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Belə olan halda isə həmin əşyalar maddi sübut kimi qiymətləndirilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, oyun kartları və pul vəsaiti ona aid hissədə geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-198/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-198/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver