Məhkəmə qərarları › İş №3(014)-198/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-198/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-198/2025 25.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 2002-ci ildə X2 şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 25 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 23 aprel 2025-ci il tarixdə Ağdaş şəhər Heydər Əliyev adına parkın ərazisində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş və ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 23 aprel 2025-cü il tarixdə saat 20:35 radələrində Ağdaş şəhər Heydər Əliyev adına parkın ərazisində Post Patrul Xidməti Bölüyünün əməkdaşları xidmətdə olduqları zaman 1 nəfər şəxsin, yəni buradan tanıdığı Şəxs küçədə, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız söyüşlər söydüyünü görmüşlər. Onlar Şəxs yaxınlaşaraq sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etsələr də Fikrət polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa və polis əməkdaşlarına tabesizlik göstərməyə davam etdiyi üçün Polis Şöbəsinə gətirilmişdir. Növbətçi hissənin qarşısında Şəxs yenə öz əməllərinə davam edərək səs-küy salmışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Orxan Lətifzadə verilən sualları cavablandıraraq bildirdi ki, Şəxs döyülməsi ilə əlaqədar Ağdaş rayon X5 Bölməsində araşdırma aparılır. Təhqiqatçı tərəfindən Şəxs ekspertizadan keçirilmiş, lakin onun döyülməsi faktı öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 23 aprel 2025-ci il tarixdə axşam saatlarında işdən çıxıb mağazaya getmiş və tərkibində spirt olan içki alıb Ağdaş şəhər Heydər Əliyev adına parka getmişdir. Parkda olarkan tanıdığı Zəki adlı şəxsin əvvəllər şəhidə söydüyünü eşitmişdir. O, parkda Zəkanı görüb əsəbləşmiş və ona yumruqla vurmuşdur. O, heçkimə söyüş söyməmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və onu Polis Şöbəsinə gətirmişlər. Şəxs verilən sualları cavablandıraraq bildirdi ki, o, spirtli içkinin təsiri altında olduğundan polis əməkdaşlarına söyməsini xatırlamır. Talasemiya və əsəb xəstəliyindən əziyyət çəkir. Bir daha söyüş söyməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, 23 aprel 2025-ci il tarixdə polis əməkdaşı X6 şəhər Heydər Əliyev adına parkda xidmətdə olarkən sonradan tanıdığı Şəxs nalayiq söyüşlər söydüyünü eşitmişlər. Həmin vaxt Fikrətin yanında heç kim olmasa da, ətrafda çoxlu sayda insanlar olmudşur. Onlar Şəxs yaxınlaşıb özlərini tədqim edib ətrafda insanların olmasını və söyüş söyməməsini bildirmişlər. Lakin Şəxs yenə də öz əməllərinə davam etdiyi üçün onu Polis Şöbəsinə aparacaqlarını bildirmişlər. Fikrət onlarla razılaşmış, lakin yolun yarısına çatdıqda Polis Şöbəsinə getməyəcəyini bildirərək etiraz etmiş və söyüşlər söyməyə başlamış, hətta Polis Şöbəsinin inzibati binasının qarşısında yenə də öz əməllərinə davam edərək şöbədən çıxdıqdan sonra öldürəcəyi, başlarına oyun açacağı ilə bağlı onları hədələmişdir. Məhkəmə iclasında Şahid2 izahatında bildirdi ki, 23 aprel 2025-ci il tarixdə azyaşlı qızı ilə gəzmək üçün birlikdə X11 gəlmişlər. Onlar parkda gəzərkən bir nəfər şəxsin, yəni şəxsiyyəti sonradan müəyyən edilən Şəxs təkbaşına gəzərək söyüşlər söydüyünü görmüşlər. Həmin vaxt ətrafda xeyli sayda insanlar var idi. Daha sonra həmin şəxsə polis əməkdaşlarının yaxınlaşdığını, həmin şəxsin polis əməkdaşlarının ünvanına söyüşlər söydüyünü, onların paqonlarını sökdürəcəyini və işdən çıxartdıracağını dediyinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hüseyn oğlu izahatında bildirdi ki, 23 aprel 2025-ci il tarixdə xidmətdə olan zaman polis əməkdaşları Ağdaş rayon X7 Hissəsinə bir nəfər şəxsi təhvil verərkən həmin şəxs ucadan qışqırıb səs-küy salaraq küçə söyşləri söyməyə başlamış, həmçinin polis əməkdaşlarının paqonlarını sökdürəcəyini, başlarını bədənlərindən ayıracağı ilə hədələmişdir. Növbətçi Hissədə həmin şəxsin Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon X12 Patrul Xidməti Bölüyünün manqa komandiri Coşqun Nuralıyev tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 23 aprel 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:35 radələrində Ağdaş şəhər H.Əliyev adına parkın ərazisində Post Patrul Xidməti Bölüyünün polis əməkdaşları xidmətdə olan zaman 1 nəfər şəxsin küçədə, yəni ictimai yerdə ucadan qışqıraraq səs-küy saldığını və ünvansız söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq vətəndaşdan sakit olmasını, ictimai qaydanı pozmamasını, qanunçuluğa riayət etməyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozduğunu izah etsələr də, həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq yenidən öz qanunsuz hərəkətlərini davam etdirərək ictimai qaydanı pozmağa və polis əməkdaşlarına tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra həmin şəxsə Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin tələblərini izah edərək Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Növbətçi Hissənin qarşısında həmin şəxs yenə öz əməllərinə davam etdərək səs küy salmışdır. Növbətçi hissədə həmin şəxsin Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini xx xxxxxx 2002-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Ağdaş rayon X12 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 23 aprel 2025-ci il tarixli raportdan görünür ki, 23 aprel 2025-cü il tarixdə saat 21:05 radələrində Ağdaş rayon X7 hissəsində xidmətdə olarkən Post Patrul Xidmətinin manqa komandiri Coşqun Nuralıyev və polis nəfəri Şahid1 tərəfindən polis şöbəsinə gətirilən 1 nəfər şəxs inzibati binanın daxilində Növbətçi Hissənin qarşısında ucadan qışqırıb səs küy salaraq dəfələrlə nalayiq ifadələr işlətmişdir. Növbətçi Hissədə həmin şəxsin Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini xx xxxxxx 2002-ci il təvəllüdlü Şəxs olması müəyyən olundu. Sərxoşluq vəziyyətinin müayinəsi barədə 23 aprel 2025-ci il tarixli, 642137 nömrəli alkotester qəbzindən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda 1.186 % sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə tibbi-ekspertizasının 24 aprel 2025-ci il tarixli, 162 nömrəli rəyindən görünür ki, Şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 23 aprel 2025-ci il tarixdə, saat 21:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X7 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekası yoxlanılan zaman müəyyən edilmişdir ki, vətəndaş Şəxs kartotekasında əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş şəhər Heydər Əliyev parkında səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həbsetmənin əvvəli 23 aprel 2025-ci il tarixdən saat 21:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 23 aprel 2025-ci il tarixdən, saat 21:10-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 24 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar