Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-2/2022 06.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, Ağdaş rayon prokurorunun köməkçisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Orelay» firmasının direktoru Nümayəndə iştirakı ilə Ağdaş rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs olan «Orelay» firmasının təsisçisi və direktoru Nümayəndə «Orelay» firmasını təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan şəxs kimi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməsinə dair tələblərini pozaraq 29.07.2021-ci il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Ağdaş rayonu, Aşağı Ağcayazı kənd sakini 10.11.1992-ci il təvəllüdlü X7 «Orelay» firmasında fəhlə kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Ağdaş rayon prokurorluğunun böyük köməkçisi X1 cinayət işi üzrə icraata xitam verilməsi barədə 02 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş, «Orelay» firması və onun direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Ağdaş rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Ağdaş rayon prokuroru X4 15.10.2021-ci il tarixli qərarı ilə hüquqi şəxs «Orelay» firması barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inziabti xəta haqqında icraat başlanılmış, 18.10.2021-ci il tarixdə material baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli qərarı ilə müddətin keçməsi əsası ilə «Orelay» firması barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış icraata xitam verilmişdir. Ağdaş rayon prokuroru X2 Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli qərarından apellyasiya protesti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 30.11.2021-ci il tarixli qərarı ilə Ağdaş Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün geri göndərilmişdir. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi və ya xitam verilməsi haqqında qərar olmadığından, həmçinin birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlər tələb edilib iş materiallarına əlavə edilmədiyindən müddətin axımının hansı tarixdən hesablanmasını müəyyənləşdirmək mümkün deyildir. Ağdaş rayon prokurorluğunun böyük köməkçisi X1 cinayət işi üzrə icraata xitam verilməsi barədə 02 oktyabr 2021-ci il tarixli qərarı Ağdaş rayon prokurorluğundan alınaraq işə əlavə edilmişdir. Məhkəmə iclasında Ağdaş rayon prokurorunun köməkçisi X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Orelay» firmasının inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Orelay» firmasının direktoru Nümayəndə izahat verərək bildirdi ki, X10 ilə əmək müqaviləsi bağlanmış, lakin texniki məsələlərə görə həmin müqavilə elektron informasiya sisteminə gec, yəni iki gün sonra daxil edilmişdir. Əmək müqaviləsi elektron informasiya sisteminə daxil edildiyi gün artıq bədbəxt hadisə baş vermişdir. X6 azyaşlı övladı vardır. Firma onun övladı yetkinlik yaşına çatanadək hər ay ona 300 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Firmanın pandemiya dövründə külli miqdarda zərər etdiyini, firmada xeyli sayda şəxsin işlədiyini və qazancları ilə ailələrinin ehtiyaclarını təmin etdiklərini, həmçinin inzibati xəta üzrə müddət keçdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ağdaş rayon prokurorunun köməkçisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, «Orelay» firması barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hüquqi şəxs olan «Orelay» firmasının əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması Ağdaş rayon prokurorluğunun böyük köməkçisi X1 cinayət işi üzrə icraata xitam verilməsi barədə 02 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir, işə baxılan tarixdə, yəni 6 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanan həmin Məcəllənin 38.1.-ci maddəsi ilə müəyyən edilmiş üç aylıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-də (38.5-ci maddə) müddətin axımının dayandırılması ancaq bir halda, yəni inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi halında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 128 və 130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs olan «Orelay» firmasının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-2/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-2/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver