Məhkəmə qərarları › İş №3(014)-202/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-202/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-202/2022 04.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 01 may 2022-ci il tarixdə, saat 12:50 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Birinci» marketin qarşısında ucadan nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs barəsində 01 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq 04 may 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və 01 may 2022-ci il tarixdə, saat 12:50 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Birinci» marketin qarşısında polis əməkdaşı Ruhid adlı şəxsin maşını saxladığını və Ruhidə yaxınlaşaraq söz soruşmaq istəyərkən Ruhid və başqa polis əməkdaşlarının onu Polis Şöbəsinə gətirdiklərini, onun onlara və ya ucadan söyüş söymədiyini, əksinə polis əməkdaşlarının onun köynəyini cırdıqlarını bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin İB-nin təhqiqatçısı, polis baş leytenantı X2 məhkəmə iclasında 01 may 2022-ci il tarixdə təxminən saat 12:50 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Birinci» marketin qarşısında dayanan zaman tanımadığı şəxs yəni, Şəxs ona yaxınlaşaraq onun ünvanına polis əməkdaşı olduğu üçün uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydaları kobud surətdə pozduğunu, Şəxs nizamintizama dəvət etdiyini, lakin Əhmədovun onun tələblərinə məhəl qoymaraq öz qanunsuz əməllərini davam etdirdiyini, onun sərxoş olduğundan şübhələndiyini, həmin vaxt yaxınlıqda xidmət aparan YPX-nin baş inspektoru Natiq Həsənov və inspektoru Emin Qasımovdan Şəxs sakitləşdirməkdə ona köməklik etmələrini xahiş etdiyini, daha sonra Şəxs öz qanunsuz əməllərini dayandırmaması və ictimai qaydanı kobud surətdə pozmağa davam etməsi, həmçinin şəxsiyyətinin müəyyən edilərək barəsində qanuni tədbir görülməsi məqsədilə RPŞ-nə apardıqlarını bildirdi. İş üzrə şahid Ağdaş RPŞ-nin YPX-nin baş inspektoru X1 məhkəmə iclasında 01 may 2022-ci il tarixdə, təxminən saat 12:50 radələrində YPX-nin inspektoru Emin Qasımov ilə xidmətdə olduqları zaman Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Birinci» marketin qarşısında Ağdaş RPŞ-nin İB-nin təhqiqatçısı Ruhid Yaqublu ilə dayandığını və tanımadıqları bir şəxsin yaxınlaşaraq R.Yaqublunun ünvanına polis əməkdaşı olduğu üçün uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydaları kobud surətdə pozduğunu, onlar həmin şəxsi sakitləşdirmək istədiklərini, lakin onun onların qanuni tələbinə məhəl qoymadığını, daha sonra həmin şəxsin qanunsuz əməllərini dayandırmaması və ictimai qaydanı kobud surətdə pozmağa davam etməsi və şəxsiyyətini müəyyən etmək üçün Polis Şöbəsinə gətirdiklərini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə olunmuş MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 may 2022-ci il tarixdə 13:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 18:43-də azad edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada həbs edildiyi tarixdən və vaxtdan, yəni 04 may 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1991-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində səkkiz gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 may 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar