Məhkəmə qərarları › İş №3(014)-206/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-206/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-206/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı Nümayəndə iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdam rayonu Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 10 may 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində 10 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 08 may 2022-ci il tarixdə saat 15:35-də Ağdaş şəhəri Heydər Əliyev prospektində nalayiq ifadələr işlətdiyinə görə onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə izah etdi ki, Şəxs 08 may 2022-ci il tarixdə saat 15:35-də Ağdaş şəhəri Heydər Əliyev prospektində nalayiq ifadələr işlətdiyinə görə onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmaması barədə Ağdaş RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Şahid tərəfindən tərtib edilmiş raport əsasında tərəfindən araşdırma aparılmış, Şəxs və raport vermiş şəxsin izahatları alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 08 may 2022-ci il tarixdə saat 15:35-də Ağdaş şəhəri Heydər Əliyev prospektində küçədə telefonda danışdığı şəxsə əsəbləşərək ünvansız nalayiq ifadələr işlətdiyinə görə onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmadığını, həmin polis əməkdaşından üzür istədiyini, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, buna görə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Şahid inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir İnzibati xəta haqqında materiala əlavə edilmiş 09 may 2022-ci “Raport” görünür ki, Şəxs 08 may 2022-ci il tarixdə saat 15:35-də Ağdaş şəhəri Heydər Əliyev prospektində nalayiq ifadələr işlətdiyinə görə onu sakitləşdirmək istəyən və nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etif edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərər alır, Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməli özünü etirafedici ifadəsi və şahid ifadəsi və iş materialları ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlində yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını nəzərər alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar