Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-21/2025 16.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü ildə Ağdaş rayonu, Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə 02 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 02 yanvar 2025-ci il tarixdə saat 02:15 radələrində Ağdaş rayonu, Şıxlı kəndində yerləşən Fəqan adlı şəxsin kafesində tanışları İlkin, Sadiq, Namiq və Məhəmməd adlı şəxslərlə pul qarşılığında mərc edərək qumar (kart) oynamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 02 yanvar 2025-ci il tarixdə saat 02:15 radələrində Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları məlumat əsasında Ağdaş rayonu, Şıxlı kəndində yerləşən kafeyə daxil olarkən Şəxs və bir neçə şəxsin qumar oynamalarını müəyyən etmişlər. Həmin şəxslər Ağdaş rayon Polis Şöbəsinə dəvət edilmişlər. Bundan sonra Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərinin pozulması müəyyən olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 01 yanvar 2025-ci il tarixdə bayramla əlaqədar Bakı şəhərindən qonaq gəlmiş dostları ilə yaşadığı Şıxlı kəndində yerləşən kafedə yemək yeməyə getmişlər. Yemək yedikdən sonra dostları ilə yeməyin pulunu ödəmək üçün kart vasitəsi ilə qumar oynamışlar və hər oyunun sonunda udulan puldan bir manat kənara qoymuşlar. Həmin vaxt polis əməkdaşları içəri daxil olub onların qumar oynadıqlarını müəyyən edərək onları Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Əməlindən peşmandır. Himayəsində biri tələbə olmaqla bir xəstə uşağı vardır. Bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunları nəzərə alaraq ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, 02 yanvar 2025-ci il tarixdə saat 02:15 radələrində Ağdaş rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 və Şahid3 ilə birlikdə Ağdaş rayonu, Şıxlı kəndində xidmətdə olarkən 5 nəfər şəxsin Fəqan adlı şəxsin kafesində pul qarşılığında qumar (kart) oynadığını görərək həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələblərini pozduqlarını izah etmişlər. Daha sonra həmin şəxsləri Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 digər Şahid1 izahatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 02 yanvar 2025-ci il tarixli raportdan görünür ki, 02 yanvar 2025-cü il tarixdə saat 02:15 radələrində Ağdaş rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 ilə birlikdə Ağdaş rayonu, Şıxlı kəndində xidmətdə olarkən 5 nəfər şəxsin Fəqan adlı şəxsin kafesində pul qarşılığında qumar (kart) oynadığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbini izah etmişlər. Həmin şəxslərin barəsində qanunla müəyyən edilmiş tədbir görülməsindən ötrü onları Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Növbətçi Hissədə həmin şəxslərin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 65, mənzil 1-də qeydiyyatda olan X4, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan X10, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan Şəxs, Ağdaş şəhəri, Z.Tağıyev küçəsi 27-də qeydiyyatda olan X8 və Mingəçevir şəhəri, M.Fizuli küçəsi ev 19/85, mənzil 63-də qeydiyyatda olan X6 olmaları müəyyən olunmuşdur. Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “sənədlərin və əşyaların götürülməsi haqqında” 02 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, daxil olmuş məlumat əsasında Ağdaş rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 ilə birlikdə Ağdaş rayonu, Şıxlı kəndi ərazisində yerləşən Fəqan adlı şəxsin kafesində pul qarşılığında mərc edərək qumar (kart) oynadıqlarını aşkar etmişlər. Həmin şəxslərin X8, X4, X10, Şəxs və X6 olmaları müəyyən olunmuş və videoçəkiliş aparılmışdır. Maddi sübut kimi oyun ləvazimatı olan 36 ədəd kart və ortalıqda olan 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq əskinaz olmaqla, ümumilikdə 44 manat pul vəsaiti maddi sübut kimi götürülmüşdür. X10, X8, X4, X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağdaş Rayon Polis Şöbəsinə ünvanladıqları izahatlarından görünür ki, onlar bir masa arxasında oturub 1 manatdan kart vasitəsi ilə qumar oynamışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs 02 yanvar 2025-ci il tarixdə, saat 02:15 radələrində yaşadığı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən kafedə dostları ilə birlikdə qumar oynamış, bu hal polis əməkdaşları tərəfindən aşkar edildiyindən protokol tərtib edilərək kartlar və stolun üstünə qoyulmuş pullar götürülmüşdür. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş, Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilir, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, iş materiallarına istinad edib əməlindən səmimi peşman olmasını 32.1.1ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini və məsuliyyəti yüngülləşdirən halları, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Ağdaş Rayon Məhkəməsində saxlanılan 44 (qırx dörd) manat pul dövlət nəfinə müsadirə olunmalı, hadisə yerinin videoçəkilişinin aparılmasına dair 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 36 ədəd oyun kartı isə məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübutlar – Ağdaş Rayon Məhkəməsində saxlanılan 44 (qırx dörd) manat pul dövlət nəfinə müsadirə olunsun, hadisə yerinin videoçəkilişinin aparılmasına dair 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın, 36 ədəd oyun kartı məhv edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-21/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-21/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver