Məhkəmə qərarları › İş №3(014)-211/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-211/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-211/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi Vəkil iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 may 2022-ci il tarixdə, saat 19:10 radələrində idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ-21063» 03BJ982 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev xiyabanı ünvanında hərəkətdə olarkən avtomobili yüksək sürətlə idarə edərkən manevr edib, sonradan yenə hərəkətə başlayarkən qəflətən avtomobili sürətləndirmiş və davamlı olaraq təkərlərin yol səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə avtoxuliqanlıq hərəkətləri etmişdir. Buna görə barəsində 07 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq 10 may 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və bildirdi ki, 06 may 2022ci il tarixdə atasına məxsus «VAZ-21063» 03BJ982 dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını evdən götürərək avtomobili sürüb Ağdaş rayon İcra Hakimiyyətinin qarşısına gəldiyini, İcra Hakimiyyətinin inzibati binasının ətraf yollarında avtomobili sürətlə hərəkət etdirərək manevr etmə qaydalarını pozduğunu, sonra yenə avtomobili qəflətən sürətləndirərək davamlı olaraq təkərləri yol səthi ilə sürtünməsi səslərini çıxarmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verərək avtoxuliqanlıq hərəkətləri etdiyini, bu zaman polis əməkdaşının ona yaxınlaşaraq hərəkətlərini dayandırmasını tələb etdiyini, lakin ona tabe olmayıb hərəkətlərini davam etdirdiyini, hazırda əməlindən peşman olduğunu bildirdi. İş üzrə şahid X1 məhkəmə iclasında 06 may 2022-ci il tarixdə saat 19:10 radələrində Ağdaş rayonu İcra Hakimiyyəti binasında xidməti vəzifəsini yerinə yetirən zaman göy rəngli «VAZ-21063» 03BJ982 dövlət qeydiyyat nişanlı bir avtomobilin sürücüsünün Ağdaş rayon İcra Hakimiyyətinin inzibati binasının arxasında avtomobili yüksək sürətlə idarə hərəkət etdirərək manevr etmə qaydalarını pozduğunu, sonra yenə kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq avtomobilin qəflətən sürətləndirərək davamlı olaraq təkərlərin yol səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə avtoxuliqanlıq hərəkətləri etdiyini, bu zaman ona yaxınlaşaraq özünü təqdim etməklə ondan hərəkətlərini dayandırmasını tələb etdiyini, lakin sürücünün ona tabe olmayıb hərəkətlərini davam etdirdiyini, sonradan həmin sürücünün adının Şəxs oğlu olmasının ona məlum olduğunu, daha sonra hadisə barədə Ağdaş RPŞ-nə məlumat verdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 327.2, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş işlərə baxmadığı üçün Şəxs barəsində ancaq Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin peşmançılığı və inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 2005-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar