Məhkəmə qərarları › İş №3(014)-212/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-212/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-212/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 04 may 2022-ci il tarixdə saat 19:35 radələrində Ağdaş rayonu ərazisində şəxsi təsərrüfatına məxsus iki baş iri buynuzlu inək malını yola suvarmağa çıxararkən nəzarətsiz qoymuş, mallar həyətyanı sahədən uzaqlaşaraq H.Əliyev prospektinə doğru hərəkət etmiş, nəticədə prospektdə olan “Mersedes Benz” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına qəfləti çıxmış, avtomobil inək mallarından birini vurmuş, hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəymişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 04 may 2022-ci il tarixdə LXP ******* №-li protokol tərtib edilmiş və 11 may 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində qismən təqsirli bildi və Ağdaş rayonu, Maşad kəndində yaşadığını, 04 may 2022-ci il tarixdə saat 19:00 radələrində oğlunun öz təsərrüfatına məxsus olan iki baş iri buynuzlu inək malını Ağdaş rayonu, Maşad kəndində həyətinin qarşısında suvarmaq üçün çıxardığını, bu zaman inək mallarının Ağdaş şəhəri, H.Əliyev prospekti istiqamətində gələrək həyətyanı sahəsindən uzaqlaşdığını, inək mallarını axtara-axtara H.Əliyev prospektinə gəldiyini və H.Əliyev prospektində “Meredes Benz” markalı 10OT064 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus inək malının birini vurub xəsarətləndirdiyini gördüyünü, həmin yerə yaxınlaşanda təxminən saat 19:35 radələri olduğunu, inək malını həyətyanı sahəsinə apardığını, ondan sonra Polis Şöbəsinə gəldiyini, hadisə zamanı inək malının yanında heç kəsin olmadığı üçün xəsarət alanın olmadığı, “Meredes Benz” markalı 10OT064 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəydiyini, lakin avtomobilə dəymiş ziyanın məbləği ilə razılaşmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 04 may 2022-ci il tarixdə saat 19:35 radələrində etibarnamə ilə istifadəsində olan «Mersedes Benz» markalı 10OT064 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Ağdaş şəhəri, H.Əliyev prospektində üzü Ləki dördyolu istiqamətində hərəkətdə olan zaman uşağın 1 baş iri buynuzlu inək malını qovduğunu və inək malının yolun sağ hissəsində ağacların arasından qəfləti olaraq yolun asfalt örtüklü hissəsinə çıxdığını, bu zaman avtomobilinin inək malını vurduğunu, hadisə zamanı avtomobildə tək olduğunu və heç bir xəsarət almadığını, tibbi müayinəyə ehtiyacının olmadığını, hadisə zamanı avtomobilinə maddi ziyan dəydiyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 06 avqust 1977-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar