Məhkəmə qərarları › İş №3(014)-218/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-218/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-218/2023 14.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X3 ******* Rusiya rublu məbləğində vəsaiti 26 yanvar 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamış, buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək ona 200000 Rusiya rublu məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikasınin Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə 29 mart 2023-cü il tarixdə EP0088167 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 200000 Rusiya rublu məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, 16 nömrəli kontrakta əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin hesabına 2.000.000 Rusiya rublu, bundan başqa digər vaxtlarda müxtəlif məbləğlərdə olmaqla cəmi 23.554.200 Rusiya rublu köçürmüşdür. Lakin "xxxx" MMC müqavilə şərtlərini pozaraq müqavilədə göstərilən malları ona göndərməmişdir. Belə olduğu üçün Arxangelsk Arbitraj Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli A05-1859/2022 nömrəli qərarına əsasən Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-dən X2 xeyrinə 23.554.200 Rusiya rublunun tutulması qərara alınmışdır. Onun tərəfindən hüquqazidd olan əməl törədilməmişdir. Onunla Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 16 nömrəli Kontrakta əsasən xx.xx.2022-ci il tarixdə köçürülən 2.000.000 Rusiya rublu miqdarında malların və ya köçürülən pul vəsaitinin ölkəyə gəlməməsinə səbəb və əsas Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin müqavilə öhdəliklərini əməl etməyərək müvafiq mal-materialları ona təqdim etməməsi (Arxangelsk Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A05-1859/2022 nömrəli qərarı) olmuşdur. Təsvir edilənlərə yekun vuraraq hesab edir ki, onun təqsirliliyı sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məkhəmə baxışının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 200000 Rusiya rublu məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Arxangelsk vilayətinin Arbitraj Məhkəməsi xx.xx.2022-ci il tarixli, № A05-1859/2022 saylı qərarından görünür ki, "xxxx" MMC-dən xarici şəxs-fərdi sahibkar X2 xeyrinə 23.554.200 rubl borc və dövlət rüsumunun ödənilməsi üçün xərclənmiş 140.771 rubl pulun tutulması qərara alınmışdır. Belə ki, işin materialları ilə faktiki olaraq müqavilə üzrə köçürülmüş pulun xaricdən geri qaytarılmaması baş versə də, bunun Z.Ələkbərovun hərəkətləri ilə bağlı olmadığı müəyyən edilmişdir. Z.Ələkbərov müqavilə üzrə ödədiyi pulun qarşılığında ona mallar gəlmədiyi üçün vaxtında məhkəməyə müraciət etmiş və bu barədə xarici dövlətdə məhkəmə qərarı çıxarılmışdır. Belə olan halda isə X3 tərəfindən İXM-in 430.4-cü maddəsi ilə qorunan hüquq münasibətlərinin faktiki məzmununun pozulmasını demək mümkün deyil. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar