Məhkəmə qərarları › İş №3(014)-222/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-222/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-222/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə Şikayət vermiş şəxs X2 iştirakı ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar əsasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Qarağan-Sədi kəndində özünə məxsus xüsusi mülkiyyətində 1,02 ha pay torpaq sahəsi vardır. Həmin sahədə söyüd ağacları əkilmişdir. Həmin ağacların içərisində bir ədəd söyüd ağacı qurumuşdur. Bununla bağlı Ağdaş rayonu Yuxarı Qəsil bələdiyyəsinə şifahi müraciət etdiyinə görə ona söyüd ağaclarının budanması məsləhət görülmüşdür. Buna görə təxminən 2018-ci ilin oktyabr ayının ortalarında söyüd ağaclarını budamış, həm də qurumuş bir ədəd söyüd ağacını kəsmişdir. Həmin gündən təxminən 6-7 ay sonra iki nəfər tanımadığı şəxsin gələrək quru söyüd ağacının kəsilməsi ilə maraqlanıb qeydiyyat aparmışlar. Onlardan hərəkətlərinin səbəblərini soruşduqda, ona heç bir izah verməyərək getmişlər. Bundan sonra o, Ağdaş rayon polis şöbəsinə dəvət edildiyi üçün şöbəyə gedərək müvafiq izahat vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə Ağdaş rayon İcra və probasiya şöbəsinin bildirişini almış, bildirişə baxdıqda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli MN seriya ******* nömrəli qərarına əsasən 300 manat inzibati cərimə olunmağı məlum olmuşdur. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fazil Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli qərar ona göndərilmədiyi üçün xx.xx.2023-cü il tarixdə inzibati cərimə ilə bağlı daha geniş məlumat əldə etmək məqsədi ilə Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmiş və onlara iradını bildirdikdən sonra xx.xx.2019-cu il tarixli MN ******* nömrəli qərar ona təqdim edilmişdir. Məhkəmə iclasında Şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXMin 275.1-ci maddəsi ilə təqsirli bilinərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Yuxarı Qəsil bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, 1,02 ha torpaq sahəsində olan söyüd ağaclarının budanması tam qanunauyğun hesab edilmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. X4 özü də məhkəmə iclasında bildirmişdir ki, onun cərimə olunması barədə heç vaxt məlumatı olmamış və yalnız son günlərdə icra orqanından onu dəvət etdikdən sonra bu barədə məlumat əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilmiş, lakin X3 verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati işə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılmış və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X3 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilmədən baxılması nəticəsində X4 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərkən X3 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar