Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-229/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə Valid oğlunun iştirakı ilə Hüquqi ünvanı Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 1 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC ******* Rusiya rublu məbləğində vəsaiti 15 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə sənədlər təqdim edərək izahatında bildirdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə 5 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 130.000.000 Rusiya rublu olan məhsulları almaq barəsində razılı əldə olunmuşdur. Müvafiq olaraq bununla bağlı müqavilə hissə-hissə icra olunmuş, bəzi hallarda əvvəlcədən ödəniş etməklə məhsullar ölkəyə idxal edilmiş, bəzi hallarda isə məhsullar ölkəyə daxil olduqdan sonra məhsulların dəyəri ödənilmişdir. Bunu tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə də müəyyən etmək mümkündür. Lakin xx.xx.2020-ci il tarixdə banka tərəflərindən ödəniş tapşırığı təqdim edilərkən ödənişin təyinatı kimi texniki səhv olaraq “ödəniş” əvəzinə “öncədən ödəniş” kimi qeyd olunmuşdur. Nəticədə daha əvvəl alınmış və ölkəyə idxal olunmuş məhsulun dəyəri ödənilməmiş olaraq, həmçinin müvafiq olaraq da köçürülmüş pulun müqabilində də mal gətirilməmiş kimi görünmüşdür. Halbuki, faktiki olaraq Şəxs MMC tərəfindən həmin müqavilə üzrə ödənilmiş bütün pul vəsaitləri üzrə mallar Azərbaycana daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. İşin materiallarında olan müqavilədən görünür ki, Şəxs MMC ilə Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə 5 nömrəli müqavilə bağlanmışdır. İşin materiallarında gömrük bəyannamələrindən görünür ki, xx.xx.2018-ci il tarixdə 5 nömrəli müqaviləyə əsasən mallar 2019-cu ildə ölkəyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasında qarşılıqlı yoxlama aparılmış, idxal edilən mallara görə ödəmələr müqayisə edilmiş, nəticədə Şəxs MMC şirkətinin "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli 5 nömrəli müqaviləyə əsasən 5,50 Rusiya rublu borcu qaldığı müəyyən edilmişdir. Göründüyü kimi işin materialları ilə faktiki olaraq müqavilə üzrə köçürülmüş pul müqabilində malların həqiqətən də ölkəyə daxil olması, lakin texniki səhv olaraq ödəniş edilərkən ödənişin təyinatının “ödəniş” əvəzinə “öncədən ödəniş” kimi yazılması müəyyən edilmişdir. Belə olan halda isə Şəxs MMC tərəfindən İXM-in 430.4-cü maddəsi ilə qorunan hüquq münasibətlərinin faktiki məzmununun pozulmasını demək mümkün deyil. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-229/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-229/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver