Məhkəmə qərarları › İş №3(014)-230/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-230/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-230/2022 14.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokola görə Şəxs 1.500.000 Rusiya rublu məbləğində vəsaiti 07 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 1.500.000 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 08 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Nümayəndə1 oğlu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 10 may 2022-ci il tarixli EP ******* №-li protokol tərtib edilərək baxılması üçün məkəməyə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsində inzibati xəta haqqında materiala baxaraq məhkəmənin 3(014)-230/2022 saylı, 06 iyun 2022-ci il tarixli qərarı ilə inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş 10 may 2022-ci il tarixli EP0033298 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini X1 Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 3(014)-230/2022 nömrəli qərarından şikayət vermişdir. Şikayət baxılması üçün 18 iyul 2022-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının birinci müavini Rəşad Orucov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 3(014)-230/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında "xxxx" MMC və Rusiya Federasiyasında fəaliyyət göstərən "Karles" şirkəti arasında xx.xx.2018-ci il tarixli 5 nömrəli müqavilə bağlandığını, həmin müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 130.000.000 Rusiya rublu olan məhsulları almaq barəsində razılıq əldə olunduğunu, müqaviləyə edilən xx.xx.2019-cıı il tarixli Əlavəsinə əsasən əsas müqavilənin 5.2-ci bəndinə dəyişiklik edildiyini və dəyişikliyə əsasən ödənişlərin mallar göndərildikdən sonra 360 gün ərzində həyata keçirilməsi nəzərdə tutulduğunu, həmin malların pulunun bir hissəsinin, yəni 1.500.000 Rus rublunun xx.xx.2020-ci il tarixdə köçrüldüyünü, müvafiq olaraq "xxxx" MMC tərəfindən müqavilə üzrə ödənişlər, mallar ölkəvə idxal olunduqdan sonra və qanunla nəzərdə tutulan 2 il müddətində həyata keçirildiyini, köçrülən vəsaitlərin bağlanması üçün banka təqdim edilən yük gömrük bəyənnamələrində qeyd edilən müqavilə məlumatları eyni olsa da, lakin yük gömrük bəyəmnamələrinin tarixi “qabaqcadan ödəniş” təyinatı ilə icra edildiyi tarixdən əvvələ təsadüf etdiyi üçün, yük gömrük bəyənnamələrinin Bank tərəfindən portalda bağlanmadığını, yəni malların gömrük bəyannamələrində ödəniş təyinatının seçilməsində yanlışlığa yol verildiyini, bəzi gömrük bəyannamələrində "sonradan ödəniş" (120) təyinatı əvəzinə "qabaqcadan ödəniş” (100) təyinatının seçildiyini, bu səbəbdən, bankın ölkəyə idxal olunan mallara görə aparılan ödənişləri gömrük portalında bağlaya bilmədiyini, nəticədə, "Şirvan İnşaat” MMC-nin barəsində törətmədiyi əmələ görə protokol tərtib edildiyini, gömrük bəyannamələrində olan yanlışlığın Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanladıqları müraciət əsasında aradan qaldırıldığını, bundan əlavə hazırki iş üzrə isə inzibati tənbeh tətbiq etmə müddətinin artıq ötürüldüyünü bildirdi və Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" MMC barəsində tərtib etdiyi 10 may 2022-ci il tarixli, EP0033298 saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta hadisəsi mövcud olmadığı və inzibati tənbehin verilməsi müddəti ötürüldüyü üçün inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta protokol tərtib edilmiş Şəxs nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, 29 oktyabr 2004-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan müqaviləni surətindən görünür ki, Şəxs ilə Rusiya Fedarasiyasının “Karles” şirkəti arasında 1.500.000 Rusiya Rublu material alınması barədə 22 noyabr 2018-ci il tarixdə 5 nömrəli müqavilə bağlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin təqdim etdiyi sənədlərdən görünür ki, Şəxs "xxxx" ASC-yə ünvanladığı xarici valyutada köçürmələr üçün sifarişi əsasında Şəxs "xxxx" ASC-nin bank hesabından 1.500.000 (bir milyon beş yüz min) RUBL məbləğində xarici valyutada olan 20 aprel 2020-ci il tarixdə Rusiya Federasiyasının OOO “KarLes” şirkətinin hesabına ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan müqavilədən görünür ki, Şəxs ilə Rusiya Federasiyasının “KarLes” şirkəti arasında 22 noyabr 2018-ci il tarixdə 5 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan mühasibatlıq sənədlərinin qarşılıqlı yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli üzləşmədən görünür ki, Şəxs MMC-nin “Karles” şirkəti arasında qarşılıqlı yoxlama aparılmış, idxal edilən mallara görə ödəmələr tutuşdurulmuş, nəticədə Şəxs MMC-nin şirkətinin “Karles” şirkətinə xx.xx.2018-ci il tarixli 5 nömrəli müqaviləyə əsasən 5.5 Rus rublu borcu qaldığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 2020-ci ilin aprel ayında Rusiya Federasiyanının “KarLes” şirkətinə “qabaqcadan ödəniş” təyinatı ilə xx.xx.2018-ci il tarixli, 5 nömrəli müqaviləyə əsasən vəsaitlər köçürülmüşdür. Köçürülən vəsaitlərin bağlanması üçün banka təqdim edilən yük gömrük bəyannamələrində qeyd edilən müqavilə məlumatları eynidir, lakin yük gömrük bəyannamələrinin tarixi “qabaqcadan ödəniş” təyinatı ilə icra edildiyi tarixdən əvvələ təsadüf etdiyi üçün yük gömrük bəyannamələrinin Bank tərəfindən gömrük portalında bağlanması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İşə baxılarkən məhkəməyə təqdim olunmuş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2020-ci il tarixdə ******* rus Rublu Rusiya Federasiyanının “KarLes” şirkətinə "qabaqcadan ödəniş” edilməklə deyil, "sonradan ödəniş" edilməklə, yəni mallar ölkəyə idxal edildikdən sonra köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, .... məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, .... idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors macor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Məhkəməyə təqdim edilmiş əvvəlki gömrük bəyannamələrində olan yanlışlıq hüquqi şəxs Şəxs MMC-nin Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanladığı müraciət əsasında aradan qaldırılmış və bütün gömrük bəyannamələrində ödənişin təyinatı qrafasında "sonradan ödəniş" (120) şəklində düzəliş olunmuş və yeni gömrük bəyannamələri təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə isə inzibati tənbeh tətbiq etmə müddəti artıq ötürülmüşdür, belə ki, inzibati xəta haqqında haqqında protokol 10 may 2022-ci il tarixdə tərtib olunmuşdur). Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur kı, qanunverici "prosessual qənaət" uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 10 may 2022-ci il tarixli EP ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar