Məhkəmə qərarları › İş №3(014)-238/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-238/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-238/2021 09.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs,zərərçəkmiş şəxs R.Rzayevin iştirakı ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 04 may 2021-ci il tarixdə, saat 11:58 radələrində sürücülük hüququ olmadan idarə etdiyi Mercedes-Benz markalı 58BB481 dövlət nömrə nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədərək, zəzərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla əlaqədar Şəxs barəsində 04 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və bildirdi ki, o,04 may 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi mersedes markalı 58BB481 nömrəli maşını ilə sürücülük vəsiqəsi olmadan sürüb,qaynı X4 ilə Göyçay şəhərində yerləşən Dəmirbanka getmişdir.Öz rayonlarına qayıdan zaman Göyçay şəhəri,Rəsul Rza küçəsi ilə hərəkət edən zaman Z.Hacıyev küçəsinin kəsişməsinə çatdıqda stop yol nişanını görməyərək yolları tanımadığı üçün yaxşı diqqət etməmiş və yol nişanı tələbini pozaraq sağ tərəfdən öz yolunda hərəkətdə olan Vaz 2121 markalı 23BC279 nömrəli maşının sol qanadından vurmuşdur. Hadisə vaxtı maşında qaynı ilə olmuşdur. Heç biri xəsarət almamışdır. Spirtli içki qəbul etməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, o, atasına məxsus Vaz 2121 markalı 23BC279 nömrəli maşın ilə Göyçay rayonunda hərəkətdə olarkən Şəxs oğluna məxsus mersedes markalı 58BB481 nömrəli maşın onun idarə etdiyi avtomobilin sol hissəsindən vurmuşdur.Ö,özü xəsarət almasa da,avtomobilinə zərər dəymişdir. Ziyan ödənilməsə də,sığorta ilə razılaşmışlar. X2 hər hansı bir şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, ancaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid olmadığı üçün onun barəsində həmin Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktlardan görünür ki, Şəxs və X1 içki qəbul etmələri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat apatrılan şəxsin səmimi peşmançılığı, vurulmuş zərərin ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində 400 manat cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxx 1963-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti 146-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib dörd yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar