Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-246/2022 23.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, onun 22 may 2022-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində həmin tarixdə DİN-nin 102 xidmətinə etdiyi müraciətlə əlaqədar hadisə yerində olan zaman sərxoş vəziyyətdə onun müraciətlərinə baxılmadığını deyib səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamış, bu zaman onu nizamintizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Buna görə onun barəsində 23 may 2022-ci il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bir ay ərzində 8-12 dəfə X4 İdarəsinə evinin yanındakı qaz xəttinin qəzalı vəziyyətdə olması barədə məlumat verdiyini, hətta onların qaynar xəttini də tapıb bu barədə məlumat verdiyini, lakin heç bir nəticə olmadığını, bundan sonra nəzarətçi Nurlan adlı şəxsin bir neçə dəfə gəlib əraziyə baxdığını və baxdıqdan sonra “Siz pul yığın verin, mən buranı layihəyə saldırım” dediyini, o da əsəbiləşib sən kimsən, qazın rəhbəri deyilsən, başqa bir vəzifə sahibi deyilsən ki, buranı layihəyə saldırasan dediyni, bundan sonra polislərin gəldiyini və ona iradlarını bildirdiklərini, orada başqa bir hərəkət etmədiyini, sadəcə əsəbiləşdiyi üçün polislərə qarşı da aqressiv olduğunu bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında Ağdaş rayonu, Aşağı Zeynəddin kənd sakini, əslən Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan Şəxs DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə etdiyi müraciətlə bağlı onun yaşadığı ünvana getdiklərini, hadisə yerinə yaxınlaşan zaman Şəxs əlində olan telefon vasitəsi ilə onları çəkərək uca səslə nalayiq ifadələr işlətməyə başladığını, ona yaxınlaşaraq müraciətinin nə ilə bağlı olduğunu soruşduqda Xətainin qışqıraraq təhqiredici ifadələrlə əvvəllər də Ağdaş RPŞ-nə əkin sahələrinə dəymiş ziyanla bağlı müraciət etdiyini, onun işinə şöbədə baxılmadığını deyərək qanunsuz hərəkətlərini davam etdirdiyini, bundan sonra Şəxs nizam-intizama dəvət edib sakitləşdirməyə çalışsalar da, o, dövlət hakimiyyəti nümayəndələrinə və onlara qarşı kobud ifadələr işlədərək “Niyə siz gəlmisiniz” deyərək qışqırmağa davam etdiyini, həmçinin onun spirtli içki qəbul etməsinin aşkar hiss olunduğunu, Şəxs RPŞ-nin növbətçi hissəsində sərxoşluq müayinəsindən keçirildiyini və onun həqiqətən də spirtli içki qəbul etməsinin müəyyən edildiyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin növbətçi hissənin sürücüsü X2 məhkəmə iclasında şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 23 may 2022-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs barəsində 15.10.2020-ci il tarixdə AR İXM-nin 157-ci maddəsi, 14.10.2021-ci il tarixdə isə AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərildiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 22 may 2022-ci il tarixli 94 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Şəxs 22 may 2022-ci il tarixdə saat 18:40 radələrində tibbi müayinədən keçirilmiş və onun yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağdaş rayon Zeynəddin kənd tam orta məktəbdə müəllim işləyən, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib iki yüz manat də cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-246/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-246/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver