Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-249/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 2000000.00 Rusiya rublu məbləğində olan vəsaiti 21 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 2000000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 22 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Məmmədov Rasim oğlu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 16 may 2022-ci il tarixli EP ******* №-li protokol tərtib edilərək baxılması üçün məkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətta protokolu tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 izahatında Rusiya Fedarasiyasının “Kar-Les” şirkəti ilə xx.xx.2018-ci il tarixdə 5 nömrəli müqavilə bağlanıldığını, həmin müqaviləyə əsasən malların ölkəyə gəldiyini, lakin həmin malların ölkəyə gəlməsinə görə müqaviləyə əsasən əvvəlcədən ödəniş edilmədiyini, həmin malların pulunun bir hissəsinin, yəni 2000000.00 Rus rublunun 21 aprel 2020-ci il tarixdə köçrüldüyünü, köçrülən vəsaitlərin bağlanması üçün banka təqdim edilən yük gömrük bəyənnamələrində qeyd edilən müqavilə məlumatları eyni olsa da, lakin yük gömrük bəyənnamələrinin tarixi “qabaqcadan ödəniş” təyinatı ilə icra edildiyi tarixdən əvvələ təsadüf etdiyi üçün, yük gömrük bəyənnamələrinin Bank tərəfindən portalda bağlanmadığını, buna görə də Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinın izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Materiala əlavə edilmiş İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki Şəxs 29 oktyabr 2004-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Materiala əlavə edilmiş müqavilənin surətindən görünür ki, Şəxs ilə Rusiya Fedrerasiyasının OOO “KarLes” arasında 2000000.00 Rusiya Rublu məbləğində iynəyarpaqlı ağaclardan çəkilmiş taxta materiallarının alınması barədə xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin təqdim etdiyi sənədlərdən görünür ki, Şəxs "xxxx" ASC-yə ünvanladığı xarici valyutada köçürmələr üçün sifarişi əsasında Şəxs MMC "xxxx" ASC-nin bank hesabından ******* (iki milyon) RUB məbləğində xarici valyutada olan vəsaiti 20 iyun 2018-ci il tarixdə Rusiya Federasiyasının OOO “KarLes” şirkətinin hesabına ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan müqavilədən görünür ki, Şəxs MMC ilə Rusiya Fedarasiyasının “Karles” şirkəti arasında xx.xx.2018-ci il tarixdə 5 nömrəli müqavilə bağlamışdır. İş materiallarında gömrük bəyəmnamələrindən görünür ki, xx.xx.2018-ci il tarixdə 5 nömrəli müqavilə əsasən mallar 2019-cu ildə ölkəyə daxil olmuşdur. İş materiallarında olan mühasibatlıq sənədlərinin qarşılıqlı yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli üzləşmədən görünür ki, Şəxs MMC-nin “Karles” şirkəti arasında qarşılıqlı yoxlama aparılmış, idxal edilən mallara görə ödəmələr tutuşdurulmuş, nəticədə Şəxs MMC-nin şirkətinin “Karles” şirkətinə xx.xx.2018-ci il tarixli 5 nömrəli müqaviləyə əsasən 5.5 Rus rublu borcu qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, .... məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, .... idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Bundan başqa, 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116- VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib edilmiş 16 may 2022-ci il tarixli EP ******* №-li inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-249/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-249/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver