Məhkəmə qərarları › İş №3(014)-251/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-251/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-251/2024 27.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1985-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs satış məqsədi olmadanaz miqdarda, yəni təmiz çəkisi 2,52 qram olan bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 8 may 2024-cü il tarixdə üzərində saxlayıb daşımaqla və narkotik vasitədən istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 27 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyətı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək, izahatında göstərdi ki, təxminən 20 gün əvvəl yaşadığı evin yerləşdiyi küçənin yaxınlığında yerləşən qəbiristanlığın içərisi ilə yol gedərkən kanalın kənarında yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə bitkisi görmüşdür. Həmin bitkinin yarpaqlarını şəxsi istifadəsi üçün sellofan paketə yığaraq cibinə qoymuş və özü ilə yaşadığı evə aparmışdır. Həmin gün polis əməkdaşları onun yaşadığı evə gələrək üzərində narkotik vasitə olması barədə məlumat olduğunu bildirərək onu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona müdafiəçi təyin edilmiş və üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış keçirilərkən üzərindən sellofan paketdə olan qurudulmuş marixuana aşkarlanmışdır. Daha sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə sellefon paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitənin çəkisini dəqiq xatırlamır. Belə ki, həmin gün toydan gəlmiş və içki qəbul etmişdir. Polis Şöbəsinə gətirilərkən və ya Polis Şöbəsində olarkən ona heç bir təzyiq və ya təsir göstərilməmişdir. Şəxs daha sonra izahatında əməlindən peşman olmasını bildirib, barəsində daha yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Şəxs üzərində şəxsi axtarışın keçirilməsini videoqeydə almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Şəxs üzərində narkotik vasitə olması barədə məlumat X9 ailə üzvləri tərəfindən verilmiş, məlumat daxil olduqdan sonra polis əməkdaşları Şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin və şahidlərin iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində olan sellefon paketdə marixuana aşkar edilmişdir. Daha sonra marixuana sellefon paketlə birlikdə elektron tərəzidə çəkilmişdir. Çəkiliş etdiyi üçün narkotik vasitənin çəkisinin qramını, yaş və ya qurudulmuş olmasını dəqiq xatırlamır. Şəxs təhqiqat şöbəsində olarkən ona heç bir təzyiq və ya təsir olmamışdır. Həmçinin axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, qəbiristanlıq ərazisindən şəxsi istifadəsi üçün yığıb üzərində saxladığını, əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, təhqiqat şöbəsidən 21 may 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar icraatına daxil olmuş və tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 27 may 2024-cü il tarixdə Şəxs Polis Şöbəsinə dəvət etmiş və onu inzibati xəta haqqında iş üzrə materialla tanış etmişdir. Daha sonra tərəfindən Şəxs izahat verməsi təklif olunmuşdur. Şəxs izahat verərkən evinin yaxınlığında yerləşən qəbirsitanlığın yaxınlığında yabanı halda çətənə bitkisi gördüyünü və şəxsi istifadəsi üçün həmin bitkinin yarpaqlarını sellefon torpaya yığaraq özü ilə yaşadığı evə apardığını, evə gəldikdən sonra polis əməkdaşlarının onun yaşadığı evə gələrək üzərində narkotik vasitə saxlaması və istifadə etməsini bildirərək onu Polis Şöbəsinə gətirdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Araz Eyyubov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 8 may 2024-cü il tarixli raportun surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. 8 may 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və “Şübhəli şəxsin tutulması haqqında” protokolun surətindən görünür ki, Şəxs 8 may 2024-cü il tarixdə, saat 22:37-dən azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur. 8 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf rəngli polietilen paketi çıxarıb təqdim etmişdir. Sellafon paket açılmış və içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsinin olması aşkar olunmuşdur. Həmin bitki kütləsi sellofan paket ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 33 qram olmuşdur. Narkotik vasitə qurudulmuş marixuana sellofan paketlə birlikdə kağız zərfdə qablaşdırmış və üzəri möhürlənmişdir. 9 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, Ağdaş şəhəri Qaradağlı qəbiristanlığında Şəxs göstərdiyi yol ilə hərəkət edilmiş, lakin qəbiristanlıq ərazisindən hər hansı bir narkotik tərkibli bitki və ya şübhəli bir maddə və ya əşya aşkar olunmamışdır. Məhkəmə-bioloji ekspertizasının 9 may 2024-cü il tarixli, 3-16-16-2-17/431 saylı rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs üzərindən aşkar edilmiş sellofan paket.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada kağız bükülmüş, təmiz çəkisi – 2,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin sellofan torbadakı kağıza bükülmüş, təmiz çəkisi – 20,91 qram olan kəklikotuna oxsar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. “Şübhəli şəxsin azad edilməsi haqqında” 9 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs Şəxs 9 may 2024-cü il tarixdə, saat 18:35də X4 azad edilmişdir. 20 may 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs analizində tetrahidrokanabinol (marixuana) aşkarlanmışdır. Məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli, 921 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitlərdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin izibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəlişəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam vəobyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq üzərində nakrotik vasitə saxlayaraq daşımış və istehlak etmişdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilməli, həmçinin 8 may 2024-cü il tarixdən 9 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət ona təyin ediləcək tənbehdən çıxılmalı və həbs müddətinin əvvəli 27 may 2024-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalı, Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş raypn Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş 2,50 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs araşdırma zamanı şübhəli şəxs qismində saxlanıldığı bir gün müddət ona təyin edilmiş inzibati həbs tənbehindən çıxılsın və üzərində qəti olaraq 29 gün müddətə inzibati həbs tənbehi saxlanılsın. Şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın, həbsetmənin əvvəli 27 may 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs inzibati həbs başa çatdıqdan sonra narkomaniyadan məcburi müalicə təyin edilsin və inzibati həbs tənbehinin müddəti başa çatdığı gün Ağdaş Rayon Polis Şöbəsinin nümayəndəsinin müşayiəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yerləşdirilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 2,50 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar