Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-252/2024 27.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə xx.xx.1994-cü ildə Ağdaş rayonu, Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 dekabr 2024-cü il tarixdə Ucar rayonu sakini Zərərçəkmiş şəxs məxsus 500 (beş) yüz manat məbləğində pulu oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 23 may 2024cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 27 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Dəhnəxəlil kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə işləri olduğu üçün Bakı şəhərinə getdiyini, Bakı şəhərində iki gün qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə yaşadığı Ağdaş rayonuna geri qayıtmaq fikrinə gəldiyini, Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanışı Ağdaş rayon sakini Nurlan ilə qarşılaşdığını, Nurlanın da ona Ağdaş rayonuna getdiyini söylədiyini, Nurlan ilə birlikdə gəlməli olduğunu, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhərindən tanımadığı taksi ilə Ağdaş rayonuna Nurlan ilə birlikdə yola düşdüyünü, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar şəhəri ərazisindən keçən hissəsində avtomobildən Nurlan ilə birlikdə düşdüyünü, Ucar rayonunda tanışlarının olduğunu və tanışlarının ona iş təklif etdiyini, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Ucar rayonunda olanda çox gec olduğunu, Ucar rayonundan olan tanışlarına zəng etdiyini, lakin həmin şəxslərin mobil telefona cavab vermədiklərini, buna görə də Nurlan ilə birlikdə Ağdaş rayonuna gəlməli olduğunu, o, gecə olduğu üçün çətinliklə avtomobil tapdığını, o, bir nəfər tanımadığı taksi sürücüsündən 20 manat qarşlığında onu Ağdaş rayonuna aparmasını istədiyini, həmin şəxsdən adını soruşmadığını, lakin həmin şəxsin onunla razılaşaraq onu Nurlan ilə birlikdə Ağdaş rayonuna gətirməyə razılaşdığını, həmin şəxs ilə Ağdaş şəhərinə çatan zaman şəhərin mərkəzində Nurlanın avtomobildən düşdüyünü və Nurlanın yol pulunu onun verəcəyini söylədiyi üçün Nurlanın yol pulu vermədiyini, Nurlan düşdükdən sonra həmin şəxsin onu yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndinə aparmalı olduğunu, həmin şəxsə onu Dəhnəxəlil kəndinə aparması üçün 30 manat verməli olduğunu, Ağdaş şəhərindən Ağdaş rayonu Dəhnəxəlil kəndinə doğru gedən zaman tanımadığı taksi sürücüsü ondan avtomobilin qabaq oturacağında oturmasını istədiyini, o, razılaşmadığını, taksi sürücüsünün onunla cinsi əlaqədə olmaq istəməsini ona söylədiyini və o, cavab verməyərək taksidən düşməsini gözlədiyini, sonra Ağdaş rayonu Dəhnəxəlil kəndinə yaşadığı küçəyə çatdıqdan sonra taksidən düşərək qorxusundan evə doğru qaçdığını və taksi sürücüsünün ona əxlaqsız təklif etdiyi üçün taksiyə yol pulu üçün verməli olduğu 30 manat pulu vermədiyini bildirərək, taksi sürücüsünun avtomobilindən pul götürmədiyini, buna görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında ünvan 2 ünvanda yaşadığını, 23 dekabr 2023-cü il tarixdə Ucar rayonundan bir nəfər kişi və bir nəfər qadını sərnişin qismində Ağdaş rayonuna gətirdiyini, Ağdaş şəhərində onlardan birini, yəni kişini düşürdüyünü, qadın isə “məni yaşadığım kəndə, yəni Ağdaş rayonu Dəhnəxəlil kəndinə apar” deyə bildirdiyini, Ağdaş şəhərinə kimi 20 manata razılaşdıqlarını, 10 manat da əlavə olaraq kəndə razılaşdıqlarını, həmin qadının kəndə çatanda onu yaşadığı evdən kənarda saxladaraq “gözlə burada, sənin pulunu gətirəcəm” deyə bildirdiyini, özünün də ona “gedək qapında dayanım gözləyim” deyə bildirdiyini, lakin həmin qadının “evdə görməsinlər kimlə gəlirəm, pis qəbul edəcəklər” deyə bildirdiyini, özünün də ona “heç olmasa nömrəni ver mənə, gəlməsən sonra səni tapa bilim” deyə bildirdiyini, lakin onun nömrəsini də vermədiyini, dayanıb nə qədər gözləsə də, həmin qadının gəlmədiyini, bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək şikayət etdiyini, daha sonra isə maşına baxanda maşında saxladığı 500 manatının da oğurlandığını gördüyünü, bundan sonra yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə müraciət edərək pulunun oğurlanması barədə də şikayət etdiyini, həmin vaxt maşında 520 manat pulunun olduğunu, sonradan yolda olarkən siqaret almağa düşəndə 20 manat həmin pulun üstündən götürüb özünə siqaret alandan sonra yerdə qalan qalıq pulu şalvarının cibinə qoyduğunu, 500 manat pulu isə 1 ədəd 200 manatlıq, 3 ədəd də 100 manatlıq əsginasının maşının sürətlər qutusunun yanında qaldığını, maşının sürətlər qutusunun qarşısında qadın sərnişin düşəndən sonra isə həmin pulun yerində olmadığını gördüyünü, yəni konkret olaraq maşınından 500 manat pul oğurlandığını, maşınından 500 manat oğurlandığını, əlavə də yol pulu olaraq 30 manatı da vermədiklərini, həmin qadına heç bir əxlaqsız təklif etmədiyini, bunu sübut etmək üçün maşınında videoqeydiyyata alınmış görüntüləri və səsləri diskə köçürərək araşdırmaya təqdim etdiyini, orada heç bir əxlaqsız təklifdən söhbət getmədiyini, ona dəymiş ziyanlığın ödənilmədiyini, dəqiq olaraq maşından 500 manat pulu Şəxs və ya onun yanında olan oğlanın götürdüyünü görmədiyini bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə Ucar rayonu sakini Zərərçəkmiş şəxs məxsus 500 (beş) yüz manat məbləğində pulu oğurladığını, Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X1 23 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 27 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə iclasında işin materiallarında olan CD diskə baxış zamanı müəyyən edildi ki, həmin diskdə olan videolar kəsilmiş və əsasən işin mübahisəsiz hallarını (Nurlanın avtomobildən düşməsini, Zəmiləyə ön oturacağa keçməsini bildirməsini və Zəmilənin yaşadığı kənddə onu axtarmasını) özündə əks etdirir. Belə ki, Şəxs tanışı Şahid ilə zərərçəkmiş şəxs Ucar rayonu sakini Zərərçəkmiş şəxs məxsus avtomobillə Ağdaş rayonuna gəlmişlər, avtomobildən ilk öncə Şahid düşmüş, daha sonra Şəxs yaşadığı Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində düşmüşdür. Lakin Şəxs zərərçəkmiş şəxsə məxsus avtomobildən pul götürüb-götürmədiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsə məxsus pulu götürmədiyini, həmçinin zərərçəkmiş şəxs ona məxsus pulun dəqiq olaraq Şəxs tərəfindən götrüldüyünü görmədiyini bildirmişdir. Belə ki, iş materiallarında olan raportdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs 23 dekabr 2023-cü il tarixdə, saat 03:37-də DİN-in 102 xidmətinə zəng vuraraq Ağdaş rayonu Dəhnəxəlil kəndinə sərnişin gətirdiyini və həmin sərnişinin 30 manat yol pulunu vermədən oradan uşaqlaşdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 23 dekabr 2023-cü il tarixdə, saat 04:22-də DİN-in 102 xidmətinə zəng vuraraq avtomobilinə qoyduğu 520 manat pulunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanması və rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs 05 dekabr 2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq Ülviyyə adlı şəxsin 2 ay əvvəl ona məxsus avtomobildən 271 manat pulunun oğurlanmasını bildirmişdir. Dəfələrlə şikayət araşdırılması üçün Zərərçəkmiş şəxs Ucar rayon PŞ-nə dəvət edilsə də, Bakı şəhərində olduğunu, narahat edilməməsini və Ucar rayon PŞ-nə gələ bilməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib hissəsinin olması iş materiallarında və məhkəmə iclasında təsdiq olunmadı. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-252/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-252/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver