Məhkəmə qərarları › İş №3(014)-252/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-252/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-252/2025 20.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Ağdaş rayonu Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-525/2024 saylı 29 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artılaraq, hər ay hər uşaq 200 manat miqdarında alimenti ödəməlidir. İş üzrə yığılmış 2000 manat alimenti ödəmir. İcra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-525/2024 saylı 29 may 2024-cü il tarixli icra vərəqinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artılaraq, hər ay hər uşaq 200 manat miqdarında müəyyən edilsədə Şəxs alimenti ödəməkdən mütamadi olaraq yayınmış və ona dəfərlərlə SMS bildirişi vasitəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq çağırışlara gəlməmişdir. Nəticədə Şəxs 2000 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında kirayədə qaldığını, maddi imkanının olmadığını, aylıq 20 manat ödənişə imkanı çatdığını bildirdi. Lazimi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-4-cü bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxıldığından, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 29 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artılaraq, hər ay 200 manat məbləğində alimnet müəyyən edilmişdir. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə Şəxs barəsində icra sənədinin icraatına başlanılmışdır. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli 225779/2024-71-5-003 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 24 iyul 2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan 08 avqust 2024-cü il tarixli 225779/2024-71-5-001 saylı xəbərdarlığın surətindən görünür ki, Şəxs 08 avqust 2024-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan 15 avqust 2024-cü il Ağdaş rayon icra və Probasiya şöbəsinin icra məmur tərəfindən tərtib edilmiş aktın sürətindən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvana baxış keçrilən zaman borclunun zəruri əmlakınan başqa, tələbin yönəldə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-525/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmiş və həmin qərar icra edilməsi üçün Ağdaş rayon Polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən 19 noyabr 2024-cü il tarixli, 3- 13-62/2-23342/2024 saylı məktubundan görünür ki, Şəxs barəsində 18 noyabr 2024-cü il tarixdə 222558 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən 20 may 2025-ci il tarixli 2/31362/2-11-250-2025 saylı məktubundan görünür ki, Ağdaş rayon Yenicə kəndində qeydiyyatda olan Şəxs tapılmış və Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu və tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 20 may 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar