Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-254/2023 03.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, Azərbaycan Respublikasınin Mərkəzi Bankının 12 aprel 2023-cü il tarixli EP0088298 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə 03 may 2023-cü il tarixdə saat 15:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasınin Mərkəzi Bankının 12 aprel 2023-cü il tarixli EP0088298 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, barəsində Azərbaycan Respublikasınin Mərkəzi Bankının tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsi ilə 12 aprel 2023-cü il tarixdə EP0088298 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 2.000.000 Rus rubulunun 10% həcmində, yəni 200.000 Rus rubulu cərimə edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, 16 nomrəli Kontrakta əsasən xx.xx.2021ci il tarixdə "xxxx" MMC-nin hesabına 2.000.000 Rus rubulu, bundan başqa digər vaxtlarda müxtəlif məbləğlərdə olmaqla cəmi 23.554.200 Rus rubulu köçürmüşdür. Lakin "xxxx" MMC müqavilə şərtlərini pozaraq müqavilədə göstərilən malları ona göndərməmişdir. Belə olduğu üçün Arxangelsk Arbitraj Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli A05-1859/2022 nömrəli qərarına əsasən Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC-də "xxxx" MMC-dən ounun xeyrinə 23.554.200 Rus rubulunun tutulması qərara alınmışdır. Hesab edir ki, onun tərəfindən hüquqazidd olan əməl törədilməmişdir. Belə ki, onunla Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli, 16 nomrəli Kontrakta əsasən xx.xx.2021-ci il tarixdə köçrülən 2.000.000 Rus rubulu miqdarında malların və ya köçrülən pul vəsaitinin ölkəyə gəlməməsinə səbəb və əsas Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin müqavilə öhdəliklərini əməl etməyərək müvafiq mal-materialları ona təqdim etməməsi (Arxangelsk Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A05- 1859/2022 nömrəli qərarı) olmuşdur. Buna görə də hesab edir ki, onun təqsirliliyi sübuta yetirilmədiyindən, şikayəti təmin edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məkhəmə baxışının vaxtı və yeri barədə, həmçinin iş üzrə sübutların təqdim edilməsi barədə Azərbaycan Respublikasınin Mərkəzi Bankına poçt vasitəsi ilə məhkəmə bildirişi göndərilmiş, lakin Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasınin Mərkəzi Bankının 12 aprel 2023-cü il tarixli EP0088298 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib 2.000.000 Rus rubulunun 10% həcmində, yəni 200.000 Rus rubulu cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Arxangelsk Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A05-1859/2022 nömrəli qərarından görünür ki, xx.xx.2020-ci il tarixli, 16 nomrəli Kontrakta əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hesabına 2.000.000 Rus rubulu köçürmüşdür. Lakin "xxxx" MMC müqavilə şərtlərini pozaraq müqavilədə göstərilən malları ona göndərməmişdir. Arxangelsk Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A05- 1859/2022 nömrəli qərarına əsasən Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC-də "xxxx" MMC-dən ounun xeyrinə 23.554.200 Rus rubulunun tutulması qərara alınmışdır. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayətə və şkayətə əlavə edilmiş materiallarına baxaraq hesab edir ki, şikayət əsaslıdır, təmin olunmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Bundan başqa, 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116- VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddələrinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi və inzibati tənbeh tədbirlərinin tətbiqi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan əməlin təqsirli olaraq törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə ki, X4 ilə "xxxx" MMC-nin Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC şirkəti arasında xx.xx.2020-ci il tarixli, 16 nomrəli Kontrakta əsasən xx.xx.2021-ci il tarixdə köçrülən 2.000.000 Rus rubulu miqdarında malların və ya köçrülən pul vəsaitinin ölkəyə gəlməməsinə səbəb və əsas Rusiya Fedarasiyasında fəaliyyət göstərən "xxxx" MMC şirkətinin müqavilə öhdəliklərini əməl etməyərək müvafiq mal-materialları X3 təqdim etməməsi (Arxangelsk Arbitraj Məhkəməsinin xx.xx.2022-ci il tarixli A05-1859/2022 nömrəli qərarı) olmuşdur. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X4 təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, Azərbaycan Respublikasınin Mərkəzi Bankının 12 aprel 2023-cü il tarixli EP0088298 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasınin Mərkəzi Bankının tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə qəbul edilmiş 12 aprel 2023-cü il tarixli EP0088298 nömrəli inzibati tənbeh vermə haqqında qərar təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-254/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-254/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver