Məhkəmə qərarları › İş №3(014)-264/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-264/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-264/2025 23.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Ağdaş rayonunun Güvəkənd kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonunun Güvəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 23 oktybar 2014-cü il tarixli 2(014)-1160/2014 saylı icra vərəqəsinə əsasən Şəxs yaranmış 8700 manat aliment borcunu üzürsüz səbəbdən ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, imkanı olmadığı üçün aliment borcunu tam ödəyə bilməmiş, sonradan isə səhlənkarlıq edərək çağırışlara gəlməmişdir. ilk dəfə barəsində protokol tərtib edilərkən 1000 manat ödəniş etmiş, sonradan ödəniş etməmişdir. Hər ay 200 manat məbləğində aliment borcunu ödəyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu aliment borcunu vaxtında ödəmir, 2014-cü ildən boşanmışlar, bundan sonra borclu uşağını görmür, 2017-ci ildə borclu barəsində protokol tərtib olunarkən borclu 1000 manat ödəniş etmiş, lakin sonradan ödəniş etməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1160/2014-cü il saylı 23 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən, 29 avqust 2014-cü il tarixdən Şəxs 29 may 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 75 manat məbləğində aliment, uşağın xəstəliyi ilə əlaqədər əlavə xərc olaraq hər ay 25 manat cavabdeh X2 alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 08 yanvar 2015-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 08 yanvar 2015-ci il tarixli № 81/15 saylı bildirişin surətindən görünür ki, Şəxs bildiriş 08 yanvar 2015-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 21 yanvar 2015-ci il tarixli № 357 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(014)- 356/2018 saylı qərarından görünür ki, Şəxs 15 (on beş) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 27 noyabr 2017-ci il tarixli, 17 may 2019-cu il tarixli qərarlarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 8(014)- 325/2021 saylı qərardadının sürətindən görünür ki, Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməssi qərar alınmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 8(014)- 369/2021 saylı qərardadının sürətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin xx.xx.2025 tarixli 2/31362/2- 11549/2025 saylı məktubundan görünür ki, Ağdaş rayonu Güvəkənd kəndi qeydiyyatda olan Şəxs tapılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, 10 ildən artıqdır ki, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 23 may 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətə inzibati həbs olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 23 may 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar