Məhkəmə qərarları › İş №3(014)-271/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-271/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-271/2021 13.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 13.07.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon Pirəzə kəndində yaşayan Şəxs yaşadığı evin həyətindəki ərazisində baxış keçirilmişdir 28.06.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının və aqronomun iştirakı ilə Ağdaş rayon Pirəzə kəndində yaşayan Şəxs yaşadığı evin həyətində olan istixanada pomidor tağlarının arasından hündürlüyü 187 sm olan 1 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisinə (kannabis) bənzər bitki kökündən çıxarılıb, 1 ədəd kisədə qablaşdırılıb, DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasının təyin edilməsi üçün götürülmüşdür. Ağdaş RPŞ-nin TB-nin təhqıqatçısı, polis leytenantı X3 tərəfindən 04 iyul 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, 28.06.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı evin həyətində olan zaman kimlərinsə onu çağırmasını eşidib yaşadığı evin küçəsinə çıxan zaman həyətin qarşısında polis əməkdaşlarının onu çağırmasını görmüşdür. Polis əməkdaşları özlərini təqdim edərək ona yaşadığı evin həyətində narkotik bitkilərin olması barədə onlarda məlumat olmasını söyləmişlər. O da polis əməkdaşlarına yaşadığı evin həyətində heç bir narkotik tərkibli bitkilərin olmadığını və görmədiyini söyləmişdir. Daha sonra onun icazəsi ilə polis əməkdaşları və aqronom yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Onun, polis və aqronomun iştirakları ilə yaşadığı evin həyətinə baxış keçirən zaman evin ön hissəsində yerləşən istixanada pomidor tağlarının arasında bir ədəd əkərək aqrotexniki qaydada qulluq göstərdiyi narkotik tərkibli çətənə kolunun olması aşkar edilmişdir. Hərdən bir narkotik vasitə qəbul edir. Lakin xəstəsi deyil. Təxminən 2 il əvvəl yaşadığı kəndin ərazisindən dəqiq olaraq xatırlamadığı ərazidən narkotik tərkibli bitkinin toxumunu tapmış, öz istifadəsi üçün əkmək məqsədilə özündə saxlamışdır. Təxminən 2 ay əvvəl həyətində yerləşən istixanada pomidor tağlarının arasında əkmiş, ona mütəmadi olaraq qulluq etmiş, alaq otlarından təmizləmiş və suvarmışdır. Baxış zamanı orada olan aqronom həmin bir ədəd narkotik tərkibli çətənə koluna baxış keçirən zaman həmin kolun narkotik tərkibli çətənə kolu olduğunu, aqrotexniki qulluq olunmasını bildirmişdir. Daha sonra onun yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi bir ədəd çətənə kolu kökündən çıxarılaraq hündürlüyü və çəkisi ölçülmüş, yabanı halda bitmiş çətənə kolunun hündürlüyü 187 sm olmuşdur. Daha sonra onun yaşadığı evin həyətindən aşkar olunmuş aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolu DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmış və məhkəmə-bioloji ekspertizasının təyin edilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, 28.06.2021-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Pünhan Yusibov raportla müraciət edərək, Ağdaş rayon Pirəzə kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1967-ci il təvəllüdlü Şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi barədə məlumat vermişdir. Daxil olmuş müraciət Ağdaş RPŞ-də HK-1/821 nömrə ilə qeydə alınaraq icraatına daxil olmuşdur. Araşdırma zamanı 28.06.2021-ci il tarixdə Ağdaş rayon Pirəzə kənd sakini Şəxs yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış və baxış keçirilməsi ilə bağlı heç bir narazılığının olmaması barədə ərizəsi alınmışdır. Daxil olmuş məlumat əsasında Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon Pirəzə kəndində yaşayan Şəxs yaşadığı evin həyətindəki ərazisində baxış keçirilmişdir. 28.06.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının və aqronomun iştirakları ilə Ağdaş rayon Pirəzə kəndində yaşayan Şəxs yaşadığı evin həyətində olan istixanada pomidor tağlarının arasından hündürlüyü 187 sm olan 1 ədəd aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisinə (kannabis) bənzər bitki kökündən çıxarılıb, 1 ədəd kisədə qablaşdırılıb, DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasının təyin edilməsi üçün götürülmüşdür. Bundan əlavə olaraq Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinə əsasən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxışla əlaqədar protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 28.06.2021-ci il tarixli, 17/474 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanadan aşkar edilmiş...” sözləri yazılmış 1 (bir) ədəd sintetik kisənin içərisindəki, hündürlüyü 187 sm, təmiz çəkisi - 6 kiloqram 255,00 qram olan 1 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom mütəxəssis Arif Səmədovun 28 iyun 2021-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 13.07.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar