Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-271/2024 03.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 iyun 2024-cü il tarixdə Ağdaş şəhəri, Cəfər Cabbarlı küçəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 bildirdi ki, Şəxs 02 iyun 2024-cü il tarixdə Ağdaş şəhəri, Cəfər Cabbarlı küçəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 02 iyun 2024-cü il tarixdə Anarla birlikdə pivə içmişlər. Anarın idarə etdiyi avtomobillə siqaret almaq üçün marketin qarşısına gəlmişlər, yolun ortasında bir qara rəngli avtomobil dayanmış, Anar avtomobilinin işıqlarını yandırıb-söndürmüş, həmin avtomobil də qəza işıqlarını yandırmışdır. Bundan sonra Anar öz maşını ilə həmin maşının yanından keçib düz marketin qarşısında dayanmış və maşından düşüb siqaret almaq üçün marketə getmişdir. O, maşının içərisində sağ tərəfdə oturmuş, maşının güzgüsündən qara maşında olan cavan oğlanın maşından düşüb onların maşınına tərəf gəldiyini görmüş, o, tez maşının içərisində sürücünün yerinə keçmişdir. Həmin oğlan ona yaxınlaşıb “Siz niyə belə maşın saxlamısız” demiş, o, “ay qardaş bundan əvvəl siz o cür saxlamışdınız, indi də biz saxlamışıq, sürücü marketə gedib, siqaret alıb gəlir” demiş. Həmin oğlan özünü təqdim etmədən post patrul xidmətinin əməkdaşlarını çsğırdığını demişdir. O, 10 il 8 ay polisdə işləmiş, 2020-ci ildə polisdən çıxarılmışdır. Həmin vaxtdan bu günə qədər hələ bir polisə qarşı artıq hərəkət etməmişdir. Onun maşında Anarın yerinə keçməsinə səbəb Anarın pivə içməsi, artıq-əskik danışma ehtimalı olması olmuşdur. Bundan sonra arxadan gələn şəxsin, sonradan İbrahim müəllim olduğunu bildiyi şəxsin telefonla çəkiliş edərək ona yaxınlaşdığını görmüş, həmin şəxslərin narahat adam olduqlarını düşünüb o, da telefonunu götürüb onu çəkməyə başlamışdır. Bu zaman polis olduğunu və adını sonradan bildiyi Nail ondan telefonu yığışdırmağı tələb etmiş, o, isə “sən kimsən, get işinlə məşğul ol, siz çəkirsiz mən də çəkirəm” demişdir. Daha sonra Anar da gəlmiş, “kim gəlir-gəlsin də, uzaq başı içkili maşın sürmüşəm” demişdir. Sonra PPX əməkdaşları gəlmiş, Nail ondan telefonu yığışdırmağı tələb etdikdə o, “sənin kim olduğunu, nəçi olduğunu bilmədən sənə telefon verməyəcəm, sən kimsən ki, mənim şəxsi mülkiyyətimdə olan telefonu mənim əlimdən alırsan” demiş, sonra Polis şöbəsinə gəlmişlər. O, polis şöbəsində vəkil tələb etmiş, lakin vəkillə təmin olunmamışdır. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilməmişdir. Polis əməkdaşları özlərini təqdim etməmişlər. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şəxs bildirdi ki, o, özü də keçmiş polis əməkdaçıl olmuş, 10 il 8 ay polisdə xidmət etmiş, sonradan xaric edilmişdir. Əgər polis əməkdaşları özlərini təqdim etsə idilər onların arasında mübahisə olmazdı. Onlar avtomobillə heç kimin qarşısını kəsməmişlər. Heç kimə söyüş söyməmişlər. Ona müdafiəçi təyin olunmamış, o, heç bir sənədə imza etməmişdir. Polis əməkdaşının onunla qərəzli münasibəti var. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Ağdaş rayon X6 Bölməsinin rəisi ilə birlikdə 02 iyun 2024-cü il tarixdə saat 17:00 radələrində özünə məxsus olan “Hyunday Sonata”markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri C.Cabbarlı küçəsində tibb bacısını gözləyərkən, “Opel” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin yanından keçərək onun avtomobilinin qarşısında saxlamışdır. Tibb bacısı gəldikdən sonra o, avtomobili hərəkət etdirməyə yer tapmadığından avtomobildən düşüb, qarşıda dayanan avtomobilin sürücüsünə yaxınlaşıb, özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Həmin vaxt avtomobili idarə edən sürücüdən başqa avtomobildə tanımadığı bir nəfər şəxs də olmuşdur. O, həmin şəxslərə yaxınlaşıb ozünü təqdim etdikdən sonra həmin şəxslər avtomobildən yerə düşərək ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək səs-küy yaratmağa başladılar. O, həmin şəxslərdən sakit olmalarını, ictimai qaydanı pozmamağı xahiş etmiş, lakin həmin şəxslər onun sözlərinə məhəl qoymayıb öz hərəkətlərinə davam etdilər. O, həmin şəxslərin danışıqlarından və hərəkətlərindən onların sərxoş olduqlarını başa düşmüşdür. Onları dəfələrlə nizam-intizama dəvət etsə də onlar qanuni tələbinə qəsdən tabe olmadılar. Buna görə də həmin yerə Ağdaş RPŞ-nin PPXB-nin və YPX-nin əməkdaşlarını dəvət etmişdir. Həmin şəxslər hadisə yerinə gələn Polis əməkdaşları, yəni PPXB-nin manqa komandiri Coşqun Nurəliyevin, Həmid Əliyevin və digərlərinin yanında öz hərəkətlərinə davam edərək ictimai qaydanı və ictimai asayişi pozdular. Buna görə həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün PPXB-nin əməkdaşlarının köməkliyi ilə həmin şəxslər Ağdaş RPŞ-nə gətirildi. RPŞ-nin Növbətçi Hissəsində həmin şəxslərin ünvan 3 ünvanında qeydiyyatda olan xx xxxxxx 1989- cu il təvəllüdlü Şəxs və ünvan 4 ünvanında qeydiyyatda olan 06 iyul 1990-cı il təvəllüdlü X8 olması müəyyən olundu. Daha sonra şahid məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, vətəndaşa sıravi vətəndaş kimi yaxınlaşmış, avtomobili onların yolundan çəkməsini xahiş etmiş, sonradan onların içkili olduğunu və səs-küy yaratdıqlarını görüb, özünü təqdim etmiş, lakin onlar onun sözünə məhəl qoymamışlar. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 03 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs müdafiəçi ilə təmin olunmadığını bildirsə də, iş materiallarında olan “inzibati xəta haqqında icraat materiallarl üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim edilən müdafiəçidən imtina etməsi haqqında” protokoldan görünür ki, müdafiəçi X5 ona müdafiəçi qismində təqdim olunmuş, lakin o, müdafiəçidən imtina etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halın olmadığını, məsuliyyətini ağırlaşdıran halları, onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həbsetmənin əvvəli 02 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-271/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-271/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver