Məhkəmə qərarları › İş №3(014)-274/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-274/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-274/2022 02.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlunun, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 24 may 2022-ci il tarixdə saat 19:15 radələrində Bakı-Qazax magistral yolunun kənarında yerləşən “Şirvangöl” istirahət mərkəzində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Buna görə onun barəsində 01 iyun 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və 24 may 2022-ci il tarixdə təxminən günorta saatlarında dostları Məhərrəmov Muxtar və Hüseynov Qövsi ilə “Şirvangöl” istirahət mərkəzinə yeyib-içmək üçün getdiklərini, yeyib-içdikdən sonra təxminən 19 radələrində oradan çıxıb yaşadıqları Bərdə rayonuna getmək qərarına gəldiklərini, öz avtomobilləri ilə istirahət mərkəzindən çıxan zaman orada xidmət aparan polis əməkdaşı ilə aralarında mübahisə yarandığını, buna səbəb isə onların oradan çıxan zaman etdikləri səs-küy olduğunu, həmin vaxt onların həddən artıq sərxoş olduqları üçün özü və yanındakı yoldaşlarının polis əməkdaşının qanuni tələbinə tabe olmadıqlarını, öz hərəkətlərini davam etdirdiklərini, sonra da avtomobillərinə oturub sürətlə oradan uzaqlaşdıqlarını, bu hərəkəti sərxoş olduğu üçün etdiyini, hazırda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş üzrə şahid Qəbələ Rayon Mühafizə Şöbəsinin mühafizəçisi X3 məhkəmə iclasında verdiyi ifadəsində 24 may 2022-ci il tarixdə təxminən saat 19:15 radələrində “Şirvangöl” istirahət mərkəzində xidmətdə olan zaman “VAZ 2106” markalı 11BD716 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və iki nəfər şəxsin, yəni adlarını sonradan bildiyi Şəxs, X2 və X1 uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı kobudcasına pozduğunu aşkar etdiyini, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra onları nizam-intizama dəvət etdiyini, ancaq onların öz kobud hərəkətlərinə davam edərək ona qarşı tabesizlik göstərdiklərini, onun qanuni tələbinə qəsdən tabe olmadıqlarını, hətta ona əl qolatdıqlarını, sonra isə avtomobilə əyləşərək surətlə oradan uzaqlaşdıqları zaman maşınla şlanqbaumu vurduqlarını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə olunmuş 02 iyun 2022-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İnzibati xəta haqqında materiala əlavə olunmuş MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 01 iyun 2022-ci il tarixdə 20:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 01 iyun 2020-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1989-cu ildə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXMnin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (bir yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar