Məhkəmə qərarları › İş №3(014)-274/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-274/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-274/2023 12.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X5, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə 07 aprel 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu Qəsil bələdiyyəsinin inzibati ərazisindən bir ədəd köküstə quru halda küknar ağacını kök boğazdan kəsdiyinə görə X1 Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 07 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 barəsində inzibati tənbeh vermə haqqında qərarı tərtib olunmasına səbəb guya 28 mart 2023-cü il tarixdə Ağdaş rayonu Qəsil bələdiyyəsinin inzibati ərazisindən bir ədəd köküstə quru halda küknar ağacını kon boğaz hissəsindən kəsməyi olmuşdur. Həmin tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən X9 barəsində MN 1495629 saylı protokol tərtib edilmiş və baxılması üçün İdarəyə təqdim olunmuşdur. Ona görə də X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 07 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. X9 həmin qərarla razı deyil. Belə ki, qərarda qeyd edilən ərazi Türyançay çayının sağ sahilinin “çay yatağı” adlanan hissəsində yerləşir. Həmin əraziyə ağacları Yeni Azərbaycan Partiyasının Ağdaş rayon şöbəsinin əməkdaşları əkmişdir. O, həmin əraziyə qulluq edən briqadanın briqadiridir. Həmin ağaclardan biri iki il bundan əvvəl qurumuşdur. 05-06 yanvar 2023-cü il tarixdə rayon ərazisində əsən güclü külək nəticəsində həmin ağac yıxılaraq kökündən çıxmışdır. Həmin ağac 27 gün həmin ərazidə qalmışdır. Həmin ağac digər ağacların normal inkişafına mane olduğuna görə həmin yıxılmış quru ağac hissələrə doğramaqla həmin ərazidən çıxarmış və ərazini təmizləyərək həmin ağacın yerinə yenisini əkmişdir. Bütün bunları qeyd edilən tarixdə əraziyə gəlmiş və inzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın əməkdaşlarına bildirdikdə onlar ona bildirmişlər ki, ağac quru olsa da onlar bu barədə protokol tərtib edib müdiriyyətə verməlidirlər. Narahat olmamalı, bütün deyilənlər nəzərə alınacaqdır. Həmin ağacı qanunsuz kəsməmişdir. Ağac quru olduğundan və güclü külək nəticəsində kökündən çıxdığından və digər ağacların inkişafına mane olduğuna görə doğrayıb ərazidən uzaqlaşdırmışdır və yerini təmizləyib, yerinə yenisini əkmişdir. Lakin bütün bunlara baxmayaraq qərarından şikayət etdiyi orqan qərar qəbul edərkən çox səthi araşdırma aparmış, yalnız əməkdaşlarının tərtib etdikləri protokola əsaslanmış, bütün qeyd etdiyi işin faktiki halları nəzərə alınmamışdır. Əgər qərar qəbul etmiş inzibati orqan bütün bu faktiki halları nəzərə alsaydı, inzibati xətanın baş vermədiyi, əməlində inzibati xətanın tərkibinin olmamasını müəyyən edərdi. Barəsində toplanmış material üzrə işə iştirakı olmadan baxılmışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunması barədə 07 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 şikayətə etiraz etmiş və bildirmişdir ki, X9 heç bir icazə almadan ağacı kəsmişdir. Bununla da onun əməlində inzibati xəta tərkibi yaranmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 ünvanlanmış 11 aprel 2023-cü il tarixli, Ç-BM/4723-111 saylı məktubdan görünür ki, X9 barəsində qəbul edilmiş 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 aprel 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə müəyyən edilmiş cərimənin 1 ay müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin materiallarına əlavə edilmiş inzibati xəta haqqında 28 mart 2023-cü il tarixli MN ******* saylı protokolun surətindən görünür ki, Ağdaş rayonu Qəsil kənd bələdiyyəsi inzibati ərazisində Türyançay çayının axın istiqamətinin sol, Ağdaş-Göyçay avtomobil yolunun sağ istiqamətində 1 (bir) ədəd küknar ağacının (köküstə quru halda) kök boğazından kəsilməsi xətası xx.xx.2023-cü il tarixdə baş vermişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Ağdaş rayonu Qəsil kənd bələdiyyəsi inzibati ərazisində Türyançay çayının sol istiqamətində X9 tərəfindən köküstə quru halda olan 1 (bir) ədəd küknar cinsinə aid ağacın kök boğazından kəsilməsi faktı aşkar edilmişdir. Mehman Alxasov yazılı izahatında inzibati xətanı törətməsini etiraf etmiş, lakin barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati protokola imza etməkdən imtina etmişdir. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, X9 barəsində tərtib edilmiş 28 mart 2023-cü il tarixli MN ******* saylı protokolda göstərilənləri sübut edəcək, inzibati xətanın məhz X9 tərəfindən törədilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolun surətinin X7 göndərilməsini və ya təqdim edilməsini təsdiq edən bölmə inzibati xəta haqqında protokolda doldurulmadığından, onun nədə təqsirləndirildiyinən məlumatı olmamış, protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə o, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X5 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Hazırkı inzibati xəta haqqında protokol isə nə şəxsən, nə də poçt vasitəsilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun surətinin X7 təqdim edilməməsi nəticəsində X1 xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun X7 lazımı qaydada təqdim olunmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında işlərə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar