Məhkəmə qərarları › İş №3(014)-282/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-282/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-282/2022 06.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 03 iyun 2022-ci il tarixdə, saat 19:45 radələrində polis tərəfindən saxlanılmamışdan 5-6 gün əvvəl Ağdaş rayonu, Ləki qəsəbəsində öz yaşadığı küçədə narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə Şəxs barəsində 06 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və izahatında bildirdi ki, 03 iyun 2022ci il tarixdə Ləki qəsəbəsində olan zaman polis əməkdaşının ona yaxınlaşaraq onun narkotik qəbul etməsi barədə onlarda məlumat olduğunu bildirmiş, buna görə də müayinədən keçirilməli olduğunu demiş, daha sonra Ağdaş RPŞ-ə gətirilmiş, tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur, həmin narkotik maddəni 5-6 gün əvvəl küçədən taparaq qəbul etmişdir, mütəmadi olaraq narkotik vasitə istifadəçisi deyildir, əməlindən peşmandır. İnzibati xəta haqqında materiala əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan müayinə barədə 03 iyun 2022-ci il tarixli 347 №-li protokoldan görünür ki, Şəxs narkotik sərxoşluq olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, yəni daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli qərar qəbul edildiyi tarixdən və vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən, saat 12:20-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1988-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində bir ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 06 iyun 2022-ci il tarixdən, saat 12:20-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar