Məhkəmə qərarları › İş №3(014)-289/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-289/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-289/2024 10.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxx 1978-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci maddələri ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 iyun 2024-cü il tarixdə, saat 13:20 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 10 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 bildirdi ki, Şəxs 09 iyun 2024-cü il tarixdə, saat 13:20 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, 09 iyun 2024-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən fərdi yaşayış evində yatarkən uşaqları gəlib onu yuxudan oyadaraq polis əməkdaşlarının onu çağırdıqlarını bildirmişlər. O, dərhal qapıya getmiş və polis əməkdaşları onu Polis şöbəsinə aparmışlar. Həmin vaxt sərxoş olmasına baxmayaraq polis əməkdaşlarına heç bir təzyiq və müqavimət göstərməmiş, söyüşlər söyməmişdir. Şəxs qeyd olunanların nəzərə alınıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, o, 09 iyun 2024-cü il tarixdə, saat 13:20 radələrində Ağdaş rayon X10 Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Müşviq Bilalov ilə birlikdə Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Şəxs barəsində Polis Şöbəsində aparılan araşdırma ilə əlaqədar izahatının alınması üçün Polis şöbəsinə dəvət edən zaman Şəxs küçədə, ictimai yerdə ucadan qışqırıb səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Ondan sakit olmasını, ictimai qaydanı pozmamasını tələb edərək, nizam-intizama dəvət etmişlər, lakin Şəxs onların sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərinə davam etmiş, qəsdən onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs barəsində qanunla müəyyən olunmuş tədbirlər görülməsi üçün onu Polis Şöbəsinə gətirmişlər. Daha sonra şahid məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Şəxs həmin vaxt sərxoş idi və Polis Şöbəsinə gətirildikdən sonra sərxoşluğun müəyyən edilməsinə dair tibbi yoxlamadan keçirilmiş və sərxoş olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X7 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon X9 Bölməsinin təhqiqatçısı Məhəmmədli Nail tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 09 iyun 2024-cü il tarixli raportdan görünür ki, ünvan 3i X6 xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs xx.xx.2024-cü il tarixdə onun işlədiyi “Ləki” restoranında yemək verilmədiyi üçün onunla mübahisə etmiş və mübahisə zamanı restorana məxsus 04 ədəd boşqabı, 03 ədəd fincanı, 04 ədəd oturacağı və 01 ədəd masanı qəsdən sındıraraq ümumilikdə restorana 100 (bir yüz) manat maddi ziyan vurmasını bildirmişdir. Həmin müraciətlə bağlı aparılan araşdırmada iştirakının təmin edilməsi və izahatının alınması məqsədi ilə Şəxs yerinin müəyyən edilərək Ağdaş RPŞ-nin Təhqiqat Bölməsinə gətirilməsi xahiş edilmişdir. İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 09 iyun 2024-cü il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuşdur. Ağdaş rayon Polis Şöbəsinin 10 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs 09 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. 09 iyun 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcə sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında hər hansı bir inzibati xəta törətmədiyini bildirsə də məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə bu cür izahat verir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həbsetmənin əvvəli 09 iyun 2024-cü il tarixdən saat 14:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 iyun 2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar